Google şirkəti Axtarış Konsolundakı (Google Search Console) performans hesabatına düzəliş etdi.
Bu dəyişiklik axtarış nəticələrindən (search results) və Discover-dən gələn kliklərin nəticələrin göstərilməsinə təsir edəcək. Belə ki, yenilikdən öncə bu hesabatlar 28 günlük nəticə olaraq da göstərilirdisə, artıq gün sayı 90 olaraq təyin edilib.
Google Search Console nədir?
Google Search Console Google tərəfindən təqdim edilən bir xidmətdir. SEO optimizasiya işlərində istifadə olunan əsas alətdir. Burada siz axtarış nəticələrində saytınızın hansı sırada yerləşdiyini görə və bu kimi statistik məlumatları izləyə, yaranacaq problemləri həll edə bilərsiniz. Google Search Console xidmətinin iş prinsipi daha ətraflı qeyd olunan kimidir:
Oxşar Xəbərlər: Google-dan Növbəti Yenilik
1. Saytınızın Google axtarış nəticələrinə dair məlumatlarının göstərilməsi: saytın axtarış səhifəsində göstərilmə sıxlığı, axtarış nəticələrində saytınızın görüntülənməsinə səbəb olan sorğular, bu sorğulardan hansına nə qədər klik edildiyi və daha çoxu;
2. Saytın indekslənməsi, spam və başqa problemlər olarkən bildirişlərin olması;
3. Veb saytınıza hansı saytların backlink verdiyinə dair məlumatların olması (Backlink nədir və SEO üçün hansı əhəmiyyəti var? - ətraflı);
4. AMP, mobil versiyadan istifadə və digər axtarış özəllikləri ilə bağlı məlumatlar və ya varsa, problemlərlə bağlı həllər (AMP necə qurulur və SEO üçün önəmi nələrdir? - ətraflı).
Yenilikdə qeyd edildiyi kimi Google Discover nəticələri də Google Search Console-da qeyd edilir. Əgər Discover bölümü axtarış konsolunda görünmürsə, deməli sayt Discover yayımından kifayət qədər klik əldə etmir.
Bəs Discover Console nədir?
Google Discover istifadəçilərin mobil cihazlarında nəzər yetirə biləcəkləri Discover, yəni Kəşf et bölümündə saytınızın xülasəsinin görünməsini təmin edir. Bu xüsusiyyət yalnız cari paylaşımlara aid deyil. Həmçinin daha öncələrdən də yayımlanmış yazılar da kəşf et bölümündə çıxa bilər.
Paylaşdığınız məzmunun Discover bölümündə görünməsi üçün xüsusi etiketlərə və ya strukturlaşdırılmış məlumatlara ehtiyac yoxdur. Bunun üçün səhifənizin Google bot tərəfindən oxunması və Google xəbərlərinin məzmun siyasəti tələblərinə cavab verməsi kifayət edir.