Müəllifin qeydi: Daha öncə Seo Auditlə bağlı yayımlanan yazıda audit zamanı diqqət edilməsi mühüm olanlar qeyd olunmuşdu (ətraflı oxumaq üçün - SEO Audit zamanı nəyə diqqət etmək lazımdır?). Bu dəfəki yazını isə daha da təkmilləşdirərək SEO Auditin önəmindən, audit prosesindən və bu kimi mövzulardan əhatəli danışmışıq.
Niyə mütəmadi olaraq SEO Audit edilməlidir?
SEO Audit saytın daha yaxşı işləməsinə səbəb olan faktorlardan biridir.Həmçinin məzmun marketinqi baxımından da mühüm əhəmiyyətə malikdir.
Google-un tez-tez etdiyi alqoritm yenilənmələri səbəbi ilə seo-nun özünəxas qaydaları da öz növbəsində dəyişir. SEO qaydalarını və strategiyanı yenidən nəzərdən keçirmək baş verən dəyişikliklərdən anında xəbərdar olmaq, həmçinin veb saytın məzmununu daha da inkişaf etdirməyin tək yoludur demək olar ki.
Müntəzəm olaraq aparılan yoxlamanın səbəbləri olaraq aşağıdakıları göstərmək olar:
- Yenilənən alqoritm;
- Köhnə məzmunlar;
- Veb sayt səhvləri, o cümlədən pozulmuş bağlantılar (broken links) və sair.
SEO Audit stressli və çətin olacaq deyə bir qayda yoxdur. Doğru tərtib edilən plana əsaslanan SEO Audit həm rahat, həm də effektiv olacaqdır. Axtarılanın nə olduğunu bilmək, komandada kimin hansı dəyişiklikləri edəcəyini öncədən təyin etmək və bu dəyişiklikləri etmək üçün mütəxəssisə lazım olacaq resursların nələr olacağını öncədən təyin etmək lazımdır.
Veb saytın məzmun analitikasını toplamaq
Veb saytın məzmunu (trafik, açar sözlər, hər açılış səhifəsi üçün təklif olunan trafik və sair) ilə əlaqəli bütün məlumatların toplanması çox önəmlidir. Nəzərə alsaq ki, bu məlumatlar tez-tez dəyişir, o zaman hər audit üçün bu məlumatları ayrıca qeyd etmək lazımdır.
Hədəflənən açar sözləri analiz edin
Məzmununuzdakı dəyişiklikləri müəyyən etmək üçün hədəflədiyiniz və ən çox istifadə etdiyiniz açar sözləri nəzərdən keçirin. Hansı açar sözlərin daha çox trafik gətirdiyini analiz etmək və ən doğru olanını işlətmək üçün ümumi açar sözlərin işlənmə tendensiyaları üzərində tədqiqat aparın.
Bunu etmək üçün Google Açar Söz Planlayıcısından istifadə edilməlidir.
Faydalı: Google Açar Söz Planlayıcısı nədir?
Sayt xəritəsinə (Sitemap) nəzər salın
XML sayt xəritəsini tərtib etmək axtarış motorları botlarının saytdakı səhifələrin qısa zamanda indekslənməsinə səbəb olacaqdır. İstifadəçilərin sayt səhifələrinin yenilənmiş versiyasını görmələrinə əmin olmaq üçün sayt xəritəsi mütəmadi olaraq yoxlanılmalıdır.
İndekslənmiş səhifələrə baxın
Bütün səhifələrin doğru indekslənməsindən əmin olmaq lazımdır. Bunu yoxlamaq üçün brauzerə site: www.domain.com yazıb axtarış etmək kifayətdir. Açılan siyahıda indekslənmiş səhifələr görünəcəkdir. Çox səhifəli saytlarda bu bir az zaman zaman alır, amma həftədə bir dəfə edilərsə indekslənməyən səhifə və ya səhifələr daha tez zamanda aşkarlanar.
Həmçinin indekslənən səhifələri Google Search Console-da da görmək mümkündür.
Saytdakı linkləri yoxlayın
Saytda yer alan linklərin problemsiz işlədiyinə əmin olmaq lazımdır. Bunun üçün hətta ən daha öncələrdə yazılan məzmundakı linkləri belə nəzərdən keçirmək və daxili bağlantıları yoxlamaq lazımdır. Həmçinin bir məzmunda ən az bir və ya iki linkin olması vacibdir. Bu, həm SEO, həm də izləyicilərin davamlılığı baxımından əhəmiyyətlidir.
Saytda yer alan nasaz linkləri birbaşa aşkarlamaq üçün Broken Link Check və bu kimi vasitələrdən istifadə etmək olar.
Səhifənin sürətinə və yükləmə müddətinə diqqət yetirin
Səhifənin yüklənmə sürəti nə qədər yaxşı olarsa, sayta daxil olan istifadəçilərin sayı və saytda qalma müddəti artar. Yüklənmə sürətini fərq ediləcək qədər yaxşılaşdırmaq üçün öncəsində sürətə təsir edən amilləri araşdırmaq lazımdır. Bunlar səhifəyə yüklənən böyük həcmli şəkillər və ya hansısa media faylı, kodlar ola bilər.
Saytın yüklənmə sürətini Google PageSpeed Insight vasitəsilə öyrənmək mümkündür. PageSpeed Insight vasitəsilə saytın həm mobil, həm də veb versiyasının nəticələrini görə bilərsiniz.
Qeyd: SEO Audit zamanı aşkarlanan bütün çatışmazlıqları daima qeyd etmək növbəti auditlərdə daima sizə köməkçi olacaqdır.