İşlərin çoxluğuna görə bir çox şirkət autsors xidmətlərdən faydalanır. Amma autsors xidmətlərin də problemləri mövcuddur. Siz də autsors xidmətdən faydalanmadan öncə həm bu problemləri görün, həm də həll yollarını indidən bilin. Bunun üçün sizə 5 əsas problemi və həll yolunu izah edirik.
İşin sürəti
Autsors marketinq xidmətində işin sürəti də bir ayrı dərddir. Əslində, elə ən əsas dərdlərdən biridir. İşin sürəti deyərkən burada məsələ işin tez bir zamanda icrasından getmir. Sadəcə olaraq qarşıya qoyulmuş “task”-ın vaxtında icra edilməsindən gedir.
Təəssüf ki, autsors marketinqdə işlərin vaxtından gec icra olunması tez-tez rast gəlinən problemlərdəndir. Buna əsas səbəb olaraq autsors şirkətin bir yox, birdən çox şirkətlə eyni anda işləməsidir. Deyə bilərsiniz ki, “işi çoxdur, əməkdaş cəlb etsin”. Doğru da deyirsiniz, amma işlər hər zaman istədiyiniz formada reallaşmır.
Əlində bir çox iş olan autsors şirkətin sizin işləri və ya elə digər işləri də gecikdirməyi tam normaldır. Baxın, peşəkardır demirik. Normaldır deyirik.
Bunu həll etməyin bir yolu var. Autsors şirkət seçərkən şirkətin bu sahədə portfoliosunu diqqətlə incələyin. Hansı şirkətlərlə işlədiyini və hansı peşəkarlıqda işlər gördüyünə baxın. Sonra bu şirkətin əməkdaş sayını və əlində olan cari şirkət sayısını da öyrənməyə çalışın. Bu halda sizə lazım olan autsors şirkəti tapa biləcəksiniz və işləriniz tam vaxtında gedəcək.
Sağlam kommunikasiya
Hə, gəldik əsas problemə. Nəinki autsors xidmətlərində, ümümiyyətlə, reklam və ya marketinq işləri üçün əməkdaşlıq etdiyiniz agentliklərlə kommunikasiya problemləri yaşama ehtimalınız 90%-dir. Amma bir məsələni də unutmaq olmaz. Bu kommunikasiya problemi sadəcə autsors şirkətdən qaynaqlanmaya bilər.
Sizin də peşəkar olmanız gərəklidir. Məsələn, düzgün brif (brief) hazırlamağı bacarmalısınız. Brif tutarlı və düzgün hazırlanmayanda autsors şirkət sizin üçün tam olaraq nə edəcəyini anlamayacaq. Onlar ayrı hava çalacaq, siz ayrı.
Başqa bir misal olaraq prosedur qaydasını deyə bilərik. Əgər nə siz, nə də autsors şirkət hər hansı bir işin prosedur qaydasını bilmirsə, orada kommunikasiya qopacaq. Məsələn, bir veb saytın ərsəyə gəlməsi üçün onun müəyyən prosedurdan keçməsi lazımdır. Bu proseduru isə autsors şirkət sizin üçün hazırlamalı, sizi maarifləndirməli və işi icra etməlidir.
Bütün bunları göz önündə tutaraq yekunda hər bir şirkətə iki tərəf arasında ünsiyyət quracaq əməkdaş lazımdır. Məsələn, şirkət olaraq autsors xidmət alırsınız, amma bu autsors agentlik ilə daima kommunikasiyada olacaq əməkdaş təyin etməmisiniz. Belə olan halda isə qarşılıqlı ünsiyyətdə problemlər yaranacaq. İşlər gecikəcək, etirazlar artacaq, anlaşmazlıqlar çoxalacaq və s.
Bunun yeganə həlli şirkətə autsors işlərlə məşğul olan əməkdaş (koordinasiyalı şəxs) cəlb etməkdir. O əməkdaşın vəzifəsi yalnız bu işlərlə maraqlanmaq və koordinasiya etməkdir.
Sahə üzrə məlumatlı olmaq
Bir digər problem isə autsors şirkətin sahə barədə az məlumata sahib olmasıdır. Autsors xidmət axtararkən agentliyin sizin sahə ilə bağlı təcrübəsinin olub-olmamasını yoxlayın.
Əgər autsors agentlik sizin mövcud olduğunuz sahəni, o sahənin dilini, bazarın dərinliyini və müştəri psixologiyasını bilmirsə, sizin üçün faydalı iş görə bilməz. Görməsi üçün də uzun zamana ehtiyac var.
Hə, tutaq ki, tapa bilmədiniz və ya sahəniz üzrə peşəkar autsors təqdim edən agentlik azdır. O zaman işinizi etibar etdiyiniz agentliyin əməkdaşlarına mütəmadi olaraq məlumat ötürməlisiniz. Onları maarifləndirməlisiniz. Belə olan halda, onlar sizi tam anlayacaq və sizə uyğun keyfiyyətli işlər ortaya çıxaracaqlar.
Keyfiyyət
İşin keyfiyyəti də bir ayrı dərddir. Bəzən düşüncələr və keyfiyyət anlayışı üst-üstə düşməyə bilər. Bu tam normal haldır.
Ümumiyyətlə, autsors işlərinizi görən agentlik şirkətinizin prinsiplərinə və ya imicinə xələl gətirmirsə, imkan yaradın rahat işlərini görsünlər. Bu işi onlara siz tapşırmısınızsa, deməli işin peşəkarı onlardır.
Bu da doğrudur ki, autsors şirkətin hazırladığı məzmunlar sizin üçün sadə və ya keyfiyyətsiz görünə bilər. Belə olduğu halda imkan yaradın ki, hazırlanan işi həm texniki, həm də praktiki tərəfdən izah etsinlər.
Hə, iş həqiqətən də keyfiyyətsiz ola bilər. Artıq bu barədə əməkdaşlığınızı yenidən gözdən keçirməyə dəyər.
Eyni vizyon
Son olaraq vizyondan danışaq. Çox vaxt autsors agentliklər və ya şirkətlər sizin vizyonunuzu tam qavramaya bilər. Vizyon boşluğu yarandığı zaman sizin tam olaraq istədiyiniz işi ərsəyə gətirməkdə çətinlik yaranacaq.
Bəzən isə autsors şirkət vizyon axtarır. Bir çox şirkət heç özünün vizyonunu tam olaraq bilmir. Bilmədiyi üçün də autsors şirkətə vizyonu düzgün şəkildə izah etmir. Bu halda da şirkət özü problemi yaradır.
Bu problemi aşmanın bir yolu var. Vizyonunuzu tam və detallı formada biləcəksiniz. Ona hakim olacaqsınız. Və bu vizyonu qarşı tərəfə keyfiyyətli və sağlam şəkildə ötürəcəksiniz. Beləliklə, hər iki tərəf eyni vizyonda hərəkət edəcək.
Sadaladığımız bu məqamları bir kağıza yazıb cibinizə qoyun. Çünki bunlar sizə tez-tez lazım olacaq. Sizə və işlərinizi görən autsors şirkətə uğurlar və böyük səbr diləyirik :)