Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Markaların Sosial Media Macəraları

Markaların sosial media macəraları

2021-10-13

Kiçik və orta bizneslərin ən böyük qayğılarından biri marketinq fəaliyyətinin təşkilidir. Bu tip binzeslərin resursları limitli olduğu üçün onlar ən optimal həll yolunun axtarışında olurlar. Adətən,  markalar iki seçim qarşısında qalırlar. İlk seçim  marketinq fəaliyyətlərini şirkət daxilində xüsusi komanda yaradaraq icra etmək olduğu halda, digər seçim outsorsinq xidmətlərdən istifadə etməkdir. Bu zaman marka bazarda fəaliyyət göstərən marketinq şirkətlərindən birinə öz marketinq fəaliyyətlərini həvalə edir.

Daxili komanda, yoxsa marketinq şirkətləri ?
İki seçim arasında qərar vermək, bəlkə də, şirkətin gələcək fəaliyyətlərinə birbaşa müsbət yaxud mənfi təsir edəcək əsas amillərdən biridir. Qərarvermə prosesində sahibkar hər iki seçimin mənfi və müsbət cəhətlərini götür-qoy edir, onun biznesi üçün mümkün olacaq ən doğru “yolu” tapmağa çalışır. 

Bir həqiqət var ki, onu görməzdən gələ bilmərik. Nəticədən asılı olmayaraq hər iki seçimin müsbət və mənfi cəhətləri var. Buna biznesin həcmi, aid olduğu bazar, rəqiblərinin fəaliyyəti, maddi-texniki resursları və digər amillər də birbaşa təsir edir.

Daxili komandanın üstünlükləri
Daxili komanda yaratmağın əsas üstünlüklərindən birincisi odur ki, komanda üzvləri biznesə daha yaxından bələd olurlar. Onlar sözün əsl mənasında işin içində olur və baş verən bütün yenilik, problem və dəyişikliklərdən dərhal xəbərdar ola bilirlər. Bunun da nəticəsində komanda hadisələrə çevik reaksiya vermə qabiliyyətinə malik olur.

Eyni zamanda əməkdaşlar bir marka ilə işlədikləri üçün tək “dərdləri” həmin biznesin fəaliyyəti ilə bağlı olur. 

Daxili komandanın əsas üstünlüklərindən biri də sürətli kommunikasiya edə bilmə bacarıqlarıdır. Daha sürətli qərarvermə prosesi baş tutduqda sürətli icra prosesi də mümkün olur.

Daxili komandanın çatışmazlıqları
Daxili komandanın əsas çatışmazlıqları bəzən komandanı formalaşdırmaq üçün lazımi maliyyə resurslarının kifayətsizliyi, həmçinin şirkətin marketinq komandasını idarə edəcək təcrübəyə sahib olmaması və mövcud işləri yüksək keyfiyyətdə aparacaq kadrların azlığıdır. Bu hallar baş verən zaman markanın inkişaf tempində ləngimələr qaçılmaz olur.

Marketinq şirkətləri ilə işləməyin üstünlükləri
Marketinq fəaliyyətlərini peşəkar marketinq komandasına etibar etdiyiniz anda xərclərə qənaət etmiş olursunuz. Marketinq şirkətləri ilə iş zamanı həmin şirkətin əvvəlki təcrübəsindən faydalana və həlləri daha da optimallaşdıra  bilərsiniz.

Marketinq şirkətləri marka ilə bağlı olan məsələlərə daha rasional və soyuqqanlı baxa bilirlər. Onlar daha yaxşı nəticə və həllər üçün mövcud bütün ehtimalları gözdən keçirir və icra etmək üçün sahibkarı razı salmağa çalışırlar.

Marketinq şirkətləri iş zamanı “şorbada” daha çox adamın duzu olduğu üçün ortaya maraqlı işlər və həllər çıxa bilir. Bəzən bir biznesin işi üçün agentlikdə bir neçə kopirayter, dizayner əmək ortaya qoyur.

Marketinq şirkətləri ilə işin çatışmazlıqları
Marketinq şirkətlərinin də bir neçə çatışmazlığı ola bilir. Burada əsas məqam kommunikasiyadır. Bəzən marka ilə şirkət arasında düzgün qurulmayan əlaqə nəticədə proseslərdə gecikməyə səbəb olur.

Markalar bəzən daxili qərarları ya tam şəkildə marketinq şirkəti ilə paylaşmır,  ya da bu xəbərlər şirkətə daha gec çatır. Bəzən də biznesin daxili komandası marketinq şirkətini və onun əməkdaşlarını komanda üzvü kimi deyil, başqa bir şirkət kimi görürlər. Bu hallar yaşananda “işbirliyi”nin ömrü qısalır.

Dünya və rəqəmlər
Hazırda dünya üzrə 36% şirkət hibrid metodundan istifadə etdiyi halda, 30% şirkət daxili komanda formalaşdırıb, şirkətlərin 34%-i isə marketinq komandalarının xidmətindən yararlanır. Bu statistik məlumatlardan da göründüyü kimi markaların sosial media strategiyalarının inkişafında və gələcək fəaliyyətlərinin düzgün qurulmasında marketinq şirkətlərinin rolu əvəzolunmazdır.

Xülasə
Əgər siz bir biznes olaraq ürəkaçan menyu təqdim etmək istəyirsinizsə, zəngin inqredyentlərə sahib olmanız və onu peşəkar aşpazlara həvalə etməlisiniz. Tamamilə  olmasa da, müəyyən qədər marketinq komandaları ilə bəzi layihələri işləmək və o təcrübəni yaşamaq şirkətinizə müsbət təsir edəcək.

Sonda isə Mark Tvenin cümləsini təhrif edərək demək istərdik ki, yaxşı brif, editsiz postlar və anlaşıqlı müştəri hər bir marketinq şirkəti əməkdaşının ən çox sevdiyi detallardır. Bu situasiyada isə ,necə deyərlər, həm “alan” həm də “satan” razı qalar.