Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları İnternal Və External Link Anlayışı

İnternal və External Link Anlayışı

2019-06-28

Ölkəmizdə rəqəmsal marketinq fəaliyyətləri ilə məşğul olan bir çox kəs veb saytın daha da yaxşılaşdırılması, istifadəçilər və axtarış sistemləri üçün daha vacib bir yerə sahib olmaq məqsədi ilə seo fəaliyyətlərindən istifadə edir. Stratejik olaraq bilinən üsulların əksinə, göz ardı edilən və yaxud heç bilinməyən yollar da mövcuddur. 

Əsasən content yazarlarının (ki keyfiyyətli məzmun yaradanlar da azlıq təşkil edir) bir çoxunun gözardı etdiyi və bununla öz gördükləri işlərin dəyərini aşağı salan bir yol desək, yanılmarıq.

Ətraflı oxumaq üçün: Məzmun keyfiyyətini dəyərləndirən alqoritm - Google Panda

Bu, internal və external link anlayışıdır. Bu bağlantıların hər biri düzgün istifadə edildiyi təqdirdə stratejik seo planlamasında xüsusi bir yerə sahibdir.

İnternal və External Link: Fərq nədir?

İnternal link - yəni daxili bağlantılar veb saytın bir səhifəsini həmin veb saytın başqa bir səhifəsinə bağlayır. Bu əsasən məzmunlararası keçiddə istifadə olunan bir yoldur.

Daxili bağlantılar veb saytın axtarış sistemləri üçün həyata keçirilən fəaliyyəltərin dəstəkləyicisidir. Bu bağlantılar istifadəçilərin saytda daha uzun müddət qalmasına şərait yaradaraq bounce rate faizini azaldır və sıx şəkildə hörümçək toru kimi bir biri ilə bağlantılı yazı şəbəkəsi yaradır.

İstifadəçilər bir yazını oxuduğu zaman həmin yazının içərisində olan və bilmədikləri bir mövzuya olan bağlantıya keçid etməyə meyillidirlər. Heç bir kənar yerdə axtarmadan, tək bir veb saytda sadəcə yazıların içərisində keçid edərək bağlantılı mövzular haqqında istədikləri məlumatları alan istifadəçilər üçün siz artıq əvəzedilməz rol oynayırsınız. 
 
İstifadəçilərdən fərqli olaraq bu bağlantıların axtarış sistemləri baxımından da bir çox faydaları var:

Veb saytınızda güclü bir internal link şəbəkəsi varsa, axtarış sistemlərinin robotları üçün yayımlanan yeni məzmunu tapmaq daha qısa müddətə başa gəlir. Nəticə olaraq saytınız daha tez indekslənir və bu çabalarınız axtarış nəticələrindəki yerinizin müsbət yöndə dəyişməsinə yol açır.

Bundan əlavə daxili bağlantıların verilmə üsulları da fərqlidir. Bir çoxları yazı bitdikdən sonra ən sonda “Digər yazını oxumaq üçün” yazaraq linki yerləşdirir. Bunun effektivliyinin az olduğu bir çoxlarına məlumdur. Çünki digər yazının konkret hansı mövzuya aid olması yönündə konkret bir məlumat verilmir. 

Effektiv olması üçün, daxili bağlantını yazı içərisində hamımızın qarşılaşdığı tərzdə, keçid vermək istədiyiniz mövzuda olan sözlərdən birinin içərisinə link yerləşdirərək etmək lazımdır. Bunun nəticəsində həmin söz göy rəngdə olacaq və oxuyucuların diqqətini cəlb edəcəkdir.

Əsas məsələ burasındadır ki, daxili bağlantıları düzgün vermək lazımdır. Yəni marketinqlə bağlı yazının içərisindən kosmetika ilə bağlı yazıya keçid vermək düzgün deyil və bunun sizə bir effekti olmayacaq.

External Link

External link - yəni xarici bağlantı oxuyucular üçün əlavə məlumat vermək məqsədi ilə öz veb saytınızdan başqa bir veb sayta keçid üçün əlavə edilən linkdir. Bu sizin üçün external, link verilən sayt üçün isə backlink sayılır. (ətraflı oxumaq üçün: Backlink Nədir? )

Daxili bağlantılarda olduğu kimi xarici bağlantılarda da diqqət edilməli məqamlar var: 

* Hədəf veb saytın məzmunu ilə əlaqəli açar sözlərdən birinə bağlantı yerləşdirmək daha məqsədəuyğundur. 

* Verilən bağlantı məzmunca oxşar və ya eyni olmalıdır. 

* Hədəf saytın keyfiyyətindən əmin olun. İstifadəçiləri keyfiyyətsiz məzmunlu sayta yönləndirmək sizin üçün neqativ fikir yarada bilər.

Həmçinin verilən bağlantılar Google üçün bir ölçüm siqnalıdır. Buna görə də:

* Əgər saytınız məzmun və seo standartlarına cavab vermirsə, xarici bağlantı verməyiniz, hədəf sayt üçün axtarış sistemləri baxımından bir nəticə verməyəcək.

* Öz bloq və ya saytınıza xarici bağlantı vermək üçün başqa bir sayt açmayın. Hədəf sayt üçün kütləvi olaraq link çıxışı link spam kimi qiymətləndirilir və cəza olaraq alqoritm tərəfindən mövcud olan axtarış nəticəsi sıralamanız aşağı salına bilər.

* Müntəzəm olaraq saytınızı yoxlayın. Əvvəllər bağlantı verdiyiniz veb sayt fəaliyyətini dayandırmış və ya həmin yazı artıq silinmiş ola bilər. Saytınızda qırıq linklərin çox olması seo reytinqinizi aşağı sala bilər.

Göründüyü kimi illeqal yollardan istifadə etmədən SEO nəticələrində artış yaradacaq yollar mövcuddur. Daxili və xarici bağlantılar bunlardan biridir. Bu illeqal bir yol deyil və həyata keçirilməsi çətinlik törətmir. Təbii ki, bununla birlikdə keyfiyyətli məzmuna da sahib olmalısınız.