Şirkətlər azalan tələb dönəmlərində onlayn platformalarda müştərilərin qarşısına çıxmaq üçün müxtəlif yollar axtarırlar. Bəziləri rəqəmsal marketinqin verdiyi nemətləri düzgün istifadə edərək çətin vəziyyətlərdə şirkəti ayağa qaldıra bilir. Bəziləri ümumiyyətlə bu platformalardan, rəqəmsal marketinqin təsirindən xəbərdar deyil, yaxud bunların düzgün istifadəsini həyata keçirə bilmir.
Bəzən Google Ads istifadəsinin əslində lazım olmadığını və buna səbəb kimi bir neçə mənfi cəhəti olduğunu qeyd edirlər. Mənfi cəhət olaraq:
1) Klik üçün ödəmə edirsiniz;
2) Böyük firmalarla rəqabət etmək çətindir;
3) Mətnlər üçün məhdud sayda simvol imkanı var;
4) Edəcəyiniz səhvlər çox baha başa gələ bilər kimi başlıqlar qeyd edilir.
Bu yazıda əslində belə olmadığını, Google Ads-in şirkətlər tərəfindən niyə istifadə edildiyindən bəhs edək.
1. Klik üçün ödəmə edirsiniz
Yaratdığınız Google reklam kampaniyasında klik üçün ödəmə strategiyasını seçdiyiniz zaman, sadəcə seçdiyiniz strateji sözcüklər üçün ödəmə edirsiniz. Deyək ki, restoran sahibisiniz və “ən yaxınımdakı restoran” sözcüyünü təklif olaraq seçmisinizsə, sadəcə bu sözcük vasitəsi ilə tapılıb saytınıza klik edildiyi zaman balansınızdan pul çıxılır. Yəni göstərildiyi üçün yox, klik edib sayta keçid etdiyi üçün məbləğ ödəyirsiniz.
Satış məqsədi üçün bundan daha effektiv bir reklam strategiyası düşünə bilirsinizmi? Outdoor, televiziya yaxud radio reklamları vasitəsi ilə bu nəticəni almağınız qeyri-real görünür.
Potensial müştəriləriniz onlara lazım olan sözü axtarır və siz o sözə təklif vermisinizsə, dərhal reklamınıza keçid edərək məhsullarla və ya marka ilə tanış olur, yaxud satınalma davranışı göstərir. Yalnızca reklamlarınızı görməkləri (əgər məqsəd satışdırsa) hər zaman işinizə yaramaya bilər.
Bu strategiya zamanı neçə nəfərin klik etdiyini, satışların miqdarını ölçərək reklamın effektivliyini test edə bilər və əgər lazımdırsa, müəyyən düzəltmələr edə bilərsiniz.
Ətraflı oxumaq üçün: Google Ads növbəti yeniliyi açıqladı
2. Böyük firmalarla rəqabət etmək çətindir
Ənənəvi marketinqin söz sahibi olduğu dövrdə televiziya, radio, jurnal və digər ənənəvi platformalar bahalı idi və bu şərtlərdə kiçik və ya az büdcəli şirkətlər reklama istədikləri qədər önəm verə bilmirdilər. İri büdcəli şirkətlər üçün reklam həcmi böyük olduğu zaman endirim edən televiziya kanalları sayəsində artıq bu cür qlobal markaların reklam fəaliyyətləri nisbətən asan başa gəlirdi.
Dəqiq ölçümün mümkün olmaması, reklamın gətirdiyi müştəri sayı, satışa çevrilmə faizi kimi ölçüm vasitələri işə yaramadığı üçün az büdcəni də bu cür reklamlara xərcləməyə ehtiyat edən kiçik şirkətlər isə ya reklamdan imtina edərək başqa yollara yönəlir, ya da tanınmadığı üçün sonunda uğursuz şəkildə bazarı tərk edirdilər.
Bu gün isə Adwords sayəsində bu problem demək olar ki, ortadan qalxmışdır. 30.000 dollar ilə başlaya biləcəyiniz kimi, 300 dollar büdcə ilə də reklam yayımlaya bilər, ölçümlər edə və əgər tam düzgün strategiya qurulubsa, büdcəyə uyğun qoyulan nəticələri əldə edə bilərsiniz. Deyək ki, cəhdiniz uğursuz oldu və reklamdan istədiyiniz nəticəni əldə etmədiniz. Bu zaman tək bir düymə ilə reklamı dayandıra və büdcənin qeyri-effektiv xərclənməsinin qarşısını ala bilərsiniz.
3. Məhdud sayda simvol olması
İnsanlar bəzən reklam başlıqlarına açar sözlər yazdıqlarında reklamın daha əlaqəli olacağını və daha çox nəticə alacağını zənn edirlər. Əgər yazacağınız açar sözləri sizdən öncə kimlərsə reklam strategiyasında təklif edibsə, sizin onlardan bir fərqiniz qalmayacaq və gözləntilərinizi qarşılamayacaq.
Müştəriləri çəkmək üçün düzgün və yaradıcı sözlərdən istifadə edərək həm markanızı, həm də reklamınızı fərqliləşdirin.
4. Edəcəyiniz səhvlər çox ciddi nəticələr doğura bilər
Rəsmi statistikaya görə Adwords reklamlarının 61%-nin büdcəsi boşa xərclənir. Xətalar adwords kampaniyanızı tamamən yerlə bir edə bilər. Əslində bu, hər işdə keçərli bir qaydadır. Şirkətinizin mühasibi vergi hesablamalarında yanlışlığa yol versə, şirkətiniz külli miqdarda zərər görə, hətta bata bilər. Buna görə də hər işi o iş üzrə məlumatı olan insanlarla görün. Adwords kampaniyanızı heç reklam təcrübəsi olmayan birindənsə, bu işdən anlayışı olan, araşdıran birilərinin öhdəliyinə buraxın.
Reklamlarda edilən yanlışlar
Ümumi olaraq adwords reklamlarında edilən ortaq yanlışlar bunlardır:
1.Uyğunsuz reklam mətni yazmaq;
2. Reklamla satdığınız məhsulun heç bir aidiyyatının olmaması; istifadəçiləri yanlış yerə yönləndirmək (istifadəçilər aldadılmağı sevmir, onlara yalan danışmayın)
3.Coğrafı, yaş, cins və s. kimi hədəfləmə məlumatlarının düzgün qeyd edilməməsi;
4.Reklamın yayımlanacağı müddəti düzgün seçməmək. Məsələn, bütün gün boyu reklamı aktiv saxlamaqdansa, həftə içi istədiyiniz gün və saatda aktiv olması yönündə bir düzəltmə edə bilərsiniz. (Gecə saat 01.00-dan 08.00-a kimi heç kəs o reklamı görməyəcəksə, niyə yayımlayasınız?)
5. Uyğun olmayan büdcə strategiyası. (Günlük və ya ümumi büdcənizə düzgün qərar verin və əldə edəcəyiniz nəticələri bu büdcəyə uyğun qərarlaşdırın)