Microsoft şirkətinin 8 təcrübəçidən ibarət olan komandası orta yaşlı insanların ingilis dil biliklərini inkişaf etdirmələrinə kömək etmək məqsədilə yeni proqram ərsəyə gətirmişlər. Bu proqram mobil cihazın kamera özəlliyinə əsasən çalışacaq. “Read My World” (Mənim dünyamı oxu) adlı proqram 1500-dən artıq sözə malik kitabxanaya sahibdir. Proqramın məqsədi ingilis dilini öyrənmək istəyib, lakin buna zamanı və ya vəsaiti olmayanlar üçün gündəlik həyatlarında qarşılaşdıqları əşyaların şəkillərini çəkməklə dil öyrətməkdir.
Layihə iştirakçılarından olan Nicole Joyal bildirib ki, öncəki plana əsasən proqramın məqsədi daha çox dərs və təpşırıqlar sistemində olması idi. Lakin aparılan araşdırmaların nəticəsi olaraq planda dəyişiklik edildi. Proqramın məqsədi yeni nəyisə öyrədən yox, gün ərzində istifadəçilərin işini rahatlaşdırmaqdan ibarət oldu.
Proqram şəkillərdə obyektləri müəyyən etmək üçün Microsoft Cognitive Services və Computer Vision API-nın kombinasiyasından istifadə edir.
“Read My World” necə işləyəcək?
Proqrama daxil olaraq ingilis dilində qarşılığını bilmək istədiyiniz əşyanın şəklini çəkmək kifayətdir. Daha sonra proqram şəkildəki əşyanın adını yazılış və tələffüz formasında göstərir. Axtarış edilən şəkillər proqram daxilində şəxsi kitabxana bölümündə də saxlanıla bilər. Bu funskiyanın üstünlüyü axtarış edilən şəkilə daha sonra yenidən baxmaq imkanının olmasıdır.
ANDROİD ÜÇÜN TOR BRAUZER İSTİFADƏYƏ VERİLDİ
Proqramın tərkibindəki 1500 sözdən ibarət olan lüğət az görünə bilər. Lakin bu rəqəm hansısa xarici dili ənənəvi yollarla öyrənən insanların təxminən öyrəndikləri sözlərin sayına bərabərdir. BBC-nin yayımladığı bir xəbərdə bildirilir ki, xarici dil öyrənən insanların illər keçsə belə öyrəndikləri sözlərin sayı 2000-3000 aralığında olur. Xəbərdə həmçinin bildirilib ki, gün əzrində öyrənilən sözlərin mənalarını bilmək də çox önəmlidir.
Proqramın ilk versiyasını test edən bir sıra tələbə və müəllimlərin fikirlərinə əsasən proqrama başqa bir funksiya da əlavə edilmişdir. Bu funskiyanın məğzi sənəd və ya bənzəri yazılardakı sözləri də anlamaqdan ibarətdir.