Əgər Sizə 300 - 500 - 800 AZN məbləğ qarşılığında google standartlarına uyğun unikal sayt yığmağı təklif ediblərsə, deməli Sizi də mütləq aldadıblar. Bu bloq yazısını yazmaqda məqsədimiz işini internet üzərindən qurmağı planlaşdıran sahibkarları marketinqin bu istiqaməti üzrə doğru məlumatlandırmaqdır. Mövzunu çox uzatmadan keçək əsas məsələyə.
Saytın strukturu
Saytın dizaynı hazır olmadan əvvəl görüləcək ilk iş, saytın strukturunu formalaşdırmaqdır. Bunun üçün marketinq şirkəti müştərinin və bir sıra rəqəmsal alətlərin köməyi ilə çox saylı sualların cavabını tapmalı olur:
- Saytın hansı bölmə və alt bölmələri olmalıdır?
- Həmin bölmələrdən hansılar ana səhifədə öz əksini tapmalıdır?
- Alt bölmələrin daxilində hansı məlumatlar yer almalıdır?
- Şirkətin birinci və ikinci dərəcəli məlumat sistemləri hansılardır?
- İstifadəçinin saytda davranış qaydaları necə olacaq?
- Niyə ana səhifədə xəbərlər bölümü olsun və ya olmasın?
- Sosial şəbəkə ikonlarını aşağı hissəyə qoyanda nə olur?
- Yeniliklərə abunə ol modulunu niyə sayta qoymaq olmaz?
Bu və buna bənzər bir çox sualların yanına bir də niyə sualı əlavə olunmaqla onun cavabları axtarılır. Bir sözlə saytın strukturu dərin müzakirə və doğru yanaşma əsasında formalaşır. Bu mərhələ işin əsasını təşkil etdiyi üçün məsələyə ciddi yanaşmaq lazımdır.
Kontent işi
Bir çox saytlarda qarşınıza “lorem ipsum” (şərti mətn) yazıları çıxıbsa, deməli işə peşəkar yanaşma olmayıb. Saytın dizaynını şərti mətnlər əsasında hazırlayıb müştəriyə bəyəndiriblər. Sonradan sayt doldurulması üçün müştəriyə təqdim olunanda, müştəri həmin həcmdə mətn formalaşdıra bilmədiyi üçün saytın bir çox bölmələri ya boş qalıb, ya da “lorem ipsum” yazısı yazılıb. Bu da şirkətin həm bazardakı, həm də google axtarış sistemindəki imicinə ciddi zərbə vurmuş olur.
İndi isə keçək doğru olana. Saytın strukturu sifarişçi tərəfindən təsdiqləndikdən sonra kontent menecer müştəriyə həmin bölmələrlə bağlı suallar ünvanlayır. Bir kontent menecerin ümumilikdə verəcəyi sualların sayı isə ortalama 20 - 35 arası dəyişir. Sualları şirkətin rəhbəri və ya şirkətin fəaliyyətini yaxşı tanıyan biri cavablandıra bilər. Tərəflər arasındakı bütün danışıqlar audio formatda yazılır və sonradan digər kontent menecerlərlə birgə yenidən dinlənilir. Sonradan həmin dialoqlar əsasında veb struktura uyğun mətnlər hazırlanılır və müzakirə olunması üçün müştəriyə təqdim olunur. Kontent işinin detalları ilə bağlı növbəti bloqlarımızda ətraflı məlumat verməyi planlaşdırırıq.
Veb Dizayn işi (Ana səhifə)
Yalnız yuxarıdakı iki mərhələ bitdikdən sonra veb dizaynerin işi başlayır. Şirkətin loqosu (loqonun istifadə qaydaları), veb struktur və təsdiqlənmiş mətnlər dizaynerə təqdim olunur. Veb dizayner həmin məlumatlar əsasında saytın ana səhifəsinin dizaynını hazırlayır. Hazırlanmış dizayn müzakirə olunması üçün müştəriyə təqdim olunur və arxasında duran məntiq izah edilir. Saytı real mətnlər əsasında hazırlamağın üstün cəhəti ondan ibarətdir ki, müştəri dizaynda şərti mətnləri deyil, öz təsdiq etdiyi mətnləri görür. Bütün proseslər bitdikdən sonra saytı dolduracaq şəxs isə nəyin harada olduğunu və necə görünəcəyi ilə bağlı real təsəvvürə malik olur. Beləliklə, ana səhifənin dizaynı təsdiq olunduqdan sonra veb dizayner ona təqdim olunmuş mətnlər əsasında saytın daxili səhifələrinin dizaynını hazırlayır. Saytın daxili səhifələrinin dizaynı müştəriyə müzakirə üçün təqdim olunur.
Mobil versiya
Saytın bütün dizayn olunmuş səhifələri təsdiq olunduqdan sonra frontend proqramçı üçün çətinlik yarada biləcək səhifələrin mobil versiyası hazırlanır. Bir çox hallarda proqramçılar veb dizayner tərəfindən təqdim olunmuş səhifələrin mobil versiyada necə görünəcəyi ilə bağlı eyni təsəvvürə malik olmurlar. Nəticənin fərqli olmaması üçün bir çox hallarda veb dizayner həmin səhifələrin dizaynlarını da əvvəlcədən çəkib proqramçıya təqdim edir. Təbii ki, bu şirkətin işlədiyi proqramçıların peşəkarlığından da asılıdır.
Proqramlaşdırma işi
Bütün dizayn işləri bitdikdən sonra saytın proqramlaşdırılmasında frontend mərhələsi başlayır. Frontend mərhələsinin müddəti təqdim olunmuş proqramçının peşəkarlığından, səhifələrin sayından və onun quruluşunun müxtəlifliyindən asılı olaraq dəyişir. Bu mərhələ bir korporativ sayt üçün ortalama 20 iş günü və ya 1 ay yarım vaxt ala bilər. Bu mərhələdən sonra backend proqramçının işi başlayır. Hamınızın bildiyi admin paneli məhz backend proqramçılar həyata keçirir. Admin paneldə hansı funksionallıqların olmasını isə əvvəlcədən hazırlanmış xüsusi texniki tapşırıq əsasında müəyyən etmək olar. Yerli müştərilər üçün texniki tapşırığın təqdim olunması baş ağrıdıcı proses olduğu üçün çox zaman bu iş texniki tapşırıqsız həyata keçirilir. Saytın doldurulması prosesinə başlandıqda isə əvvəlcədən hazırlanmayan texniki tapşırığa görə tərəflər arasında gərginlik yaranır. Nəticədə isə layihənin təhvil verilmə müddəti uzanır. Saytın proqramlaşdırılması müddəti də eyni ilə frontend proqramçı üçün qeyd etdiyimiz məqamlardan asılı olaraq dəyişir. Bir korporativ saytın proqramlaşdırılması adətən 1 ay və ya ay yarım vaxt apara bilər.
Saytın doldurulması
Saytın kim tərəfdən doldurulması əvvəlcədən razılaşdırma əsasında həyata keçirilir. Yerli bazarda çox vaxt proqramlaşdırmadan sonra saytın doldurulmasını icraçı tərəf həyata keçirir. Saytın təsdiq edilmiş dizaynda olduğu kimi doldurulması üçün müştəri bütün məlumatları (mətn, şəkil, video) doğru şəkildə İcraçı tərəfə təqdim etməlidir. Müştəri saytın dizaynı bitdikdən sonra təsdiq edilmiş dizaynda yer almış bölmələrə uyğun məlumatları səliqəli şəkildə bir yerə toplayıb, onları sortlaşdırmalıdır. Sayt hazır olduqdan sonra isə onları icraçıya elektron formada hər bölməyə aid məlumatlar ayrı-ayrı qovluqlarda olmaqla təhvil verməlidir. Bu doldurulma işinin sürətlənməsinə dəstək olacaq. Bu prosesin özü saytın həcmindən, müştərinin məlumatları vaxtında və düzgün şəkildə təqdim etməsindən asılı olaraq 5-7 gün arası dəyişə bilir.
Test olunma
Test olunma mərhələsi sayt doldurulduqdan sonra və ya paralel aparıla bilər. Böyük veb layihələrdə bu iş üçün ayrıca bir şəxs ayrılır və o, saytda olan bütün boşluqları aşkar edərək düzəldilməsi üçün müvafiq əməkdaşa yönləndirir. Kiçik həcmli saytlarda isə bu işi layihə meneceri icra edir. Saytı doldura-doldura üzrə çıxan problemləri aidiyyatı üzrə şəxslərə yönləndirir. Test olunma mərhələsi də saytın həcmindən asılı olaraq dəyişir. Kiçik saytlarda bu müddət 1 gün, böyük saytlarda 5-7 gün, daima təkmilləşən saytlarda isə davamlı olaraq həyata keçirilir.
Təlimin keçirilməsi
Sayt test olunduqdan və bütün problemlər aradan qaldırıldıqdan sonra icraçı tərəf müştəriyə admin panelin idarə olunması ilə bağlı təlim keçir. Bu təlimin eyni anda şirkətin bir neçə üzvünə keçirilməsi tövsiyə olunur. Daha sonra admin panelə giriş icazəsi veriləcək şəxslər üçün hesablar açılır və panel onların istifadəsinə verilir.
Serverə köçürülmə
Artıq bütün proseslərdən keçmiş sayt serverə yerləşdirilir. Bu tərəflərdən birinin serveri ola bilər. Burada əsas məqsəd serverin yeni yığılmış saytın texniki tələblərinə uyğun gücdə olmasıdır. Bir çox hallarda yerli şirkətlər server məsələlərinə (vəsaitin vaxtında ödənilməsi, serverin gücləndirilməsi, vaxtaşırı nəzarətin həyata keçirilməsi və s.) ciddi fikir vermirlər.
Beləliklə Siz artıq bir saytın hazırlanmasının hansı proseslərdən keçdiyini bilirsiniz. Bu məlumatların gələcəkdə təmsil etdiyiniz şirkət üçün düzgün sayt yığan şirkəti seçməyə dəstək olacağına inanırıq. Şirkətin simasını doğru şirkətə həvalə edin ki, rəqəmsallaşan dünyanın imkanlarından doğru şəkildə faydalana biləsiniz. Özünüzü qoruyun!