Bu gün Sizə bir sirr açacağıq. “Sosial şəbəkə səhifələrinin keyfiyyətli idarə olunmasında ortalama 6 nəfər iştirak edir.” Səhnə arxasında gizlənən qəhrəmanlarla Sizi tanış edirik. Beləliklə, sosial şəbəkədə gördüyümüz gözəl işləri aşağıdakı əməkdaşlar həyata keçirir.
SMM və ya Account menecer - Vakansiyalarda adına daha çox rast gəlinən SMM menecerinin əsas vəzifə öhdəlikləri hazır postları qrafik üzrə vaxtında paylaşmaq, şərhlərin vaxtında cavablandırılmasına nəzarət etmək, rəqib səhifələrdə baş verən dəyişikliklər barədə komandanı məlumatlandırmaqdan ibarətdir. Həmin şəxs paralel olaraq müştəri ilə şirkət arasında olan münasibətləri də tənzimləyir. Odur ki, bu vəzifəni daşıyan şəxsin üzərinə çox düşməyin.
Kopirayter - Bu yoldaşın başı köhnə kitab yeşiyi olmalıdır. Çünki bütün faydalı mətnlər, o cümlədən cəlbedici çağırışlar bu əməkdaşın yastığının altından çıxır. Bu vəzifə üzrə çalışan yoldaşlar dizaynerin xilaskarıdır. O sözlərlə görmək istədiyi vizualı dizaynerə təqdim edir. Dizayner isə onu reallaşdırır. Ona görə də onun xətrinə dəyməyin.
Qrafik Dizayner – Bazarda peşəkar qrafik dizayner qıtlığı yaşandığı bir dövrdə, əgər şirkətinizdə keyfiyyətli qrafik dizayner çalışırsa, o zaman onun dəyərini bilin. Kopirayterlə dizayner Twix-in sağ və sol çubuğu kimidir. Bir-birilərini yaxşı başa düşdükləri təqdirdə, ortaya keyfiyyətli iş qoyma ehtimalları yüksəkdir.
Reklam və report menecer – Bu adam rəqəmləri və analitikanı sevən adam olmalıdır. Bu yoldaşın işi verilmiş tapşırığa əsasən postu reklama qoymaq, büdcəni effektiv idarə etmək, az xərcləməklə postu daha çox insana göstərməkdən ibarətdir. Bunun üçün o ölkədə və sosial şəbəkədə olan bütün trendləri izləyib büdcələrə dəyişiklik edir. Bundan əlavə hər səhifə üzrə aylıq müqayisəli hesabatları hazırlayır. Bu adamın böyük büdcələrlə işlədiyini nəzərə alaraq ona sakitçilik lazımdır. İşlərin həcmindən asılı olaraq reklam və report menecerləri ayrı ola bilər.
QA menecer – (Q - question, A - answer) Bu adamın işi suallara cavab verməkdir. Ofisdə ən çox klaviatura səsi onun oturduğu masadan gəlir. QA menecer üzərinə düşən səhifələrdə istifadəçilərin maraqlı-maraqsız, məntiqli-məntiqsiz suallarını cavablandırır. İstifadəçilər tərəfindən ən çox verilən suallar bazasını yaradır və yeniləyir. Şərhlərin cavablandırılması adətən həftə içi və iş saatlarını əhatə edir. Müştəri iş vaxtından sonra və ya həftəsonları cavablandırma istədiyi təqdirdə, əlavə ödəniş əsasında night və weekend menecerlər işə cəlb olunurlar. Bir də QA menecerləri çox dindirməməyi tövsiyə edirəm, istifadəçilərin məntiqsiz sualları onları əsəbi edir. Yoxsa əvəzini Sizdən çıxarlar.
Story menecer – Story (hekayə) menecer danışmağı sevməsə də, facebook və instagramın “story” bölməsi üçün maraqlı görüntülər çəkməyi sevir. Story menecer əsasən otel, restoran, xidmət sektoru və s. kimi yerlərdə daha çox tələb olunur. Bu adam gedir, 1-2 həftəlik maraqlı material toplayır və hissə-hissə paylaşır ki, səhifənin story hissəsi boş qalmasın. Belə-belə gələcəkdə story menecerlikdən operatorluğa kimi irəliləyirlər.
Növbəti bloq yazısında Siz SMM xidməti üzrə qiymətə daxil olmayan xidmətlər haqqında məlumat ala bilərsiniz. Çalışın səhifənin yükünü bir əməkdaşın üzərinə qoymayasınız. Bu şirkətinizin imicinə ciddi təsir edə bilər.