Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Missiyanı Necə Yazırıq?

Missiyanı necə yazırıq?

2021-04-16

Bu yazımızda uzun-uzadı missiya nədir deyə açıqlama etmək istəmirik. Kiçik araşdırma etdikdən sonra bizə aydın oldu ki, əsas məsələ missiyanın nə olduğu deyil, necə yazılmasıdır. 

Bəs sual verə bilərsiniz ki, missiya yazmaq niyə bu qədər önəmlidir? Biz də cavab olaraq missiya olmasa nə olar açıqlamasını versək, fikrimizi daha aydın çatdırmış olarıq. Yazılı missiya təkcə müştəriləriniz üçün yox, həmçinin şirkəti üçün də önəmlidir. Yaxşı şəkildə yazılmış missiya şirkət daxilində əməkdaşlarınıza şirkətin məqsədlərini izah edir və onlara iş həyatlarında bir yol təyin edir. Müştəriləriniz isə hər zaman şirkətinizin nə etdiyini və niyə etdiyini ilkin növbədə bilmək istəyəcək. Başqa nə deyə bilərik? Missiyanız olmasa, şirkət kimliyində axsaqlıq olacaq, güclü əməkdaşların cəlbində geridə qalacaqsınız, müştəriləriniz qarşısında məqsədsiz görünəcəksiniz, gələcəklə bağlı yolunuzu dumanlı görsənəcək və .s. və ilaxır.

Necə yazaq?
Deyəcəksiniz ki, yuxarıda saydınız-sadaladınız bəs necə yazaq bu cümləni? Bu sualı verəcəyinizi düşünərək sizin üçün sadə addımları izah edək. Missiyanızı açıqlayan cümlə içərisində 4 əsas məqam yer almalıdır. Bunlar birincisi NƏ? sualının cavabıdır. Sizin nə işlə məşğul olduğunuz oxuyucu tərəfindən başa düşülməlidir. İkinci sual formamız NECƏ?-dir. Nə etdiyiniz müştəri tərəfindən anlaşıldıqdan sonra o işi necə gördüyünüzü izah edirsiniz. Bəs bunları KİMİN üçün edirsiniz? Bəli, missiyanızın içərisində kimin üçün etdiyinizi də qeyd etmək gözəl olar. Müştəri seqmentini, beləliklə,daha da açıq aşkar göstərmiş olursunuz. Sonda isə missiyanız vasitəsilə hansı DƏYƏRLƏRİ qatdığınızı göstərə bilərsiniz. Bu 4 nüansı bir cümlədə də yaza bilərsiniz. Deməli, missiya yazmaq üçün bizə 4 sualın cavabı lazım olacaq:

Biz nə edirik?
Necə edirik?
Kimin üçün edirik?
Hansı dəyəri qatırıq?

Məsələn, Twitter-in missiyasına baxaq. Twitter öz missiyasında bildirir ki, “hərkəsə maneəsiz şəkildə dərhal fikirini və informasiyasını paylaşmaq üçün güc veririk.” Deməli Twitter:

Nə edir? - İnsanlara fikirlərini və informasiyanı paylaşması üçün məkan təşkil edir.
Necə edir? - Maneəsiz şəkildə.
Kimin üçün edir? - 13 yaş və üstü olan hər bir şəxs bu platformadan yararlana bilər.
Hansı dəyəri qatır?  - Fikirlərin və informasiyanın daha asan yayılmasına tövhə verir.

Marcom olaraq hədəfimizi missiya olaraq da irəli çəkirik. “Maarifləndir ki, müştəri qazanasan” bizim şirkət olaraq əsas götürdüyümüz hədəfdir/missiyadır. 

Nə edirik? - Marketinq həlləri təqdim edirik.
Necə edirik? - Müştəriləri maarifləndirərək.
Kimin üçün edirik? - Marketinq və kommunikasiya həlləri istəyən şirkətlər üçün.
Hansı dəyəri qatırıq? - Görəcəyimiz işləri müştərilərimizə düzgün şəkildə izah edirik.

Belə. Artıq missiya niyə önəmlidir və necə yazacağınız barədə məlumata sahibsiniz. Qələminizə qüvvət!