Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Layihə Menecerinin Işi

Layihə menecerinin işi

2020-12-15

Ofisdə həm müştərilər, həm də komanda ilə işləyərək ən az “sağ əl” qədər funksional olan bir yoldaş görürsünüzsə bilin ki, o layihə meneceridir. Layihə boyu bütün mərhələlərdə iştirak edən bu şəxs hər iki tərəf üçün də aparıcı rol oynayır. Onun əsas məqsədi tərəfləri doğru yönləndirməklə layihəni finiş xəttinə vaxtında və doğru şəkildə çatdırmaqdır. Bu vəzifəni icra edən şəxs aşağıdakı işləri görür:
 
Müştəridən məlumatı almaq
Kənardan sadə görünsə də, detallı və vacib məlumatları əldə etmək peşəkarlıq tələb edir. Bunun üçün layihə meneceri müştərinin tələblərini aydın formada başa düşür və onun istəklərini tam şəkildə mənimsəyir. Prosesin bu hissəsini tamamladıqdan sonra layihə meneceri xidmət üzrə brif formasını müştəri ilə birgə doldurur. Bütün lazımlı informasiyanı özündə birləşdirən brif forması həm müştərinin, həm də komandanın öz vaxtına qənaət etməsinə kömək edir.
 
Məlumatları ötürmək
Məlumatı doğru ötürmək işin ən azı 50%-ni təşkil edir. Ona görə də layihə meneceri brifi komandanın müvafiq üzvlərinə izahlı formada təqdim edir. O, burada qeyd olunan detallardan əlavə şirkətin ümumi portetini də komanda üzvlərinə çatdırmalıdır. Müzakirə zamanı yaranan suallar cavablandırılır və müştərinin tələbləri haqqında aydın təsəvvür formalaşdırır. Bu təsəvvür komanda üzvlərinin keyfiyyətli iş ərsəyə gətirməsində vacib rol oynayır.
 
Prosedurları tənzimləmək
Zaman, maliyyə və keyfiyyəti idarə edən layihə meneceri prosesin bütün addımlarını izləməlidir. Layihə meneceri işin gedişatında komanda üzvlərinin işinə əngəl törədən məsələləri müəyyən edərək aradan qaldırır. O, prosedur qaydalarının doğru şəkildə irəliləməsinə nəzarət edərək layihənin hərəkətini tənzimləyir. İşin gedişatı ilə bağlı müştərini müntəzəm olaraq məlumatlandırmaq da layihə menecerinin üzərinə düşür. O, hazırlanan işləri müştəriyə təqdim edərək onun arxasındakı fəlsəfəni izah edir və psosesin davam etməsi üçün təsdiq alır.
 
Ünsiyyət qurmaq
Düzgün kommunikasiya bütün layihələrdə başlıca məsələdir. Müştəri və komanda arasında körpü olan layihə meneceri hər iki tərəfi təmsil edir. O, lazımlı informasiyanı davamlı olaraq ötürməklə güclü əlaqələr üçün zəmin yaradır. Burada layihə meneceri yalnız müştəri və komanda arasında deyil, komanda üzvləri arasında olan ünsiyyəti də tənzimləyir. O, prosesin iştirakçıları arasında vahid və güclü ünsiyyət yaratmaqla işin kəsintisiz irəliləməsini təmin edir.
 
Artıq Siz layihə menecerinin əhəmiyyəti və vəzifələri haqqında bilirsiniz . Ümid edirik ki, bu bloq Sizə layihələrinizin icrası üçün ən doğru namizədi seçməyinizə kömək olacaq.