Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Kontent Tullantısı

Kontent tullantısı

2021-09-01

Bəzi şirkətlərin hazırladığı kontentlər avtomatik olaraq kontent tullantısına çevrilir. Təəssüf ki, bundan xəbərləri belə olmur. Qısa müddət ərzində etdiyimiz araşdırmalardan belə nəticəyə gəldik ki, hazırlanan kontentlərin yarısı boşuna hazırlanmış sayılır. Nə müştərilər, nə də satış üçün bir faydası olmur. Bunun qarşısını almaq isə o qədər çətin deyil. Ən qısa formada sizə bəzi addımları izah edə bilərik.


Kontentin audit edilməsi
Kontentinizi tullantılar arasından çıxarmaq və ya ora düşməməsi üçün addımlar axtarırsınızsa, ilk addımı biz sizə deyirik. Audit edin. Özü də kontent audit. Kontent auditi edərək kontentinizin hansı vəziyyətdə olduğunu və olacağını görə bilərsiniz. Kontent auditindən sonra sizə lazım olan kontentləri formalaşdırmağa başlayacaqsınız. Sizə uyğun olmayan kontentləri ləğv edərək şirkətinizin kontent bazasına təmiz hava gətirəcəksiniz.


Cari kontent strategiyasının gözdən keçirilməsi
Təmiz hava aldıqdan sonra gələk ikinci addıma. İkinci addım isə cari kontent strategiyanızı gözdən keçirməkdir. Ola bilər ki, kontent strategiyanızda kontentlərin boş yerə hazırlanmasına yol açacaq hansısa boşluğu unutmusunuz. O boşluğu tapıb yığışdırmaq lazımdır. Bunun üçün bütün komandanızı ətrafınıza yığıb strategiyanızı qarşılıqlı fikirlərlə yenidən hazırlaya bilərsiniz.


Bəs bu problemi həll etməsəniz sizi nə kimi problemlər gözləyir? Problemlərdən biri müştərilərinizlə, biri də satış komandanızla olacaq. Bu problemlər sizin kontentləri effektsiz edəcək.


Bəs niyə effektsiz?
Az öncə qeyd etdiyimiz kimi şirkət üçün kontent hazırlanarkən bəzi nüansları nəzərə almaq lazımdır. Bura həm müştəriləriniz, həm də satış komandanız daxildir. Deyə bilərsiniz ki, “bu ikisi necə bir-birinə aid ola bilir?”. Düz də deyirsiniz. Bəs kontentinizi müştərilərinizə və satış komandanıza uyğun etmək üçün nələrə diqqət etmək lazımdır? Bunların cavabını aşağıda tapacaqsınız.


Kontent çoxdur
Kontent çoxdur deyrək gözünüzü qorxutmaq istəmirik. Bilirik ki, indiki zamanda hər yerdə yazılır ki, bəs kontenti bol edin. Elə bil dönər sifariş edirsən və deyirsən soğanı bol olsun. Axı bol olan soğan mədəni incidəcək. Hər bir şeyin öz limitində istifadəsi daha məqsədə uyğundur.


Kontent çoxluğu da buna uyğundur. Kontentinizin sayı həddindən artıq çox olduqda həm keyfiyyət azalır, həm də satış komandanıza problemlər çıxardır. Müştəriləriniz kimi satış komandanıza da cari kontenti sadələşdirməlisiniz. Kontent həm sadə dildə, həm də limitli şəkildə paylaşılsa, satış komandası satış üçün lazım olan kontentdən istifadə edə biləcək. Yoxsa fokuslanmalı olduqları kontentin içində itib batacaqlar. Bu təkcə satışa aid deyil ha... Müştəriləriniz belə bəzən ekrana baxıb deyəcək ki, “Nədir də bu?”. Nə müştərilərinizi, nə də satış komandanızı yormayın.


Kontentin Səsi
Elə bilirsiniz kontentin səsi yoxdur? Əslində yoxdur, amma kontent əhli yarada bilir. Amma bu səs o bildiyiniz səsdən deyil. Bu səsi elə gözəl, mehriban və brendə uyğun etməlisiniz ki, uzaqdan və yaxından eşidənə səmimi gəlsin. 


Niyə?
Kontentin səsi həm müştəriləriniz, həm də satış komandanız üçün önəmli rol oynayır. Təsəvvür edin müəyyən səslə kontent paylaşırsınız və sizi o səs tonu ilə tanıyırlar. Satış üçün gedən komanda üzvünüz isə başqa formatda danışır. Müştəri istər-istəməz söhbətdən qopacaq. Çünki təsəvvüründə olan şirkətin satış etməsi ona yad gələcək. Səbəb isə çox sadədir. Rəqəmsal dünyada gördüyü şirkətin səs tonu ilə real dünyadakı əməkdaşın səs tonu üst-üstə düşmür. Kontentin tonunu bütün şirkətə hopmayıbsa, deməli düzgün addımları izləməmisiniz. Satış komandası şirkətə hopdurulmuş kontentin səs tonu ilə danışmalıdır. 


Son olaraq...
Kontent marketinq elə bir şeydir ki, onu düzgün şəkildə idarə etməsəniz sizə problemlər yarada bilər. Biz bu problemləri uzun və qısa problemlər adlandırırıq. Hər hansısa birinin yaranmaması üçün düzgün kontent strategiyası və auditi vacibdir. Kontent marketinqi düzgün şəkildə tətbiq etsəniz, kontentiniz tullantıya dönüşməyəcək.