Kifayət qədər mürəkkəb görünsə də, kataloqun hazırlanması sudan asandır. Siz də proses zamanı labirintlərə hərəkət edirsinizsə, bu bloq Sizin üçün naviqasiya rolunu oynaya bilər. Kataloqun hazırlanmasında ən az “C vitamini” qədər vacib olan məsələ tapşırıqların doğru ardıcıllıqla və detallı şəkildə ötürülməsidir. Xülasə, işin mərhələli həlli aşağıdaki kimidir:
İlkin kommunikasiya
Prosesin başlamasından etibarən hər iki tərəf üzrə mərhələləri idarə edən və tərəfləri əlaqələndirən şəxs layihə meneceridir. Müştərinin sifarişi üzrə işə başlamaq üçün brif forması elektron olaraq təqdim olunur. Brifin layihə menecerinin köməyi ilə onlayn formada doldurulması tövsiyə olunur. Çünki əksər hallarda sifarişçi brifi dolğun şəkildə doldurmaqda çətinlik çəkir. Doldurulduqdan sonra brif forması elektron olaraq müştəriyə təsdiq olunması üçün göndərilir. İcraçı tərəf həm müştəri, həm də öz vaxtına qənaət etmək üçün Sifarişçiyə “məlumatların göndərilməsi qaydaları” adlı sənəd göndərir. Müştəri kataloq üzrə şəkil, kontent, loqonun master faylı və ondan istifadə qaydalarını həmin formada İcraçı şirkətə ötürür.
Müştəridən məlumatların alınması
Müştəri tərəfindən göndərilən məlumatlar (şəkil, kontent, cədvəl və s.) yoxlanılır və hər hansı bir çatışmazlıq, yanlışlıq aşkarlandığı təqdirdə, bu barədə müştəriyə məlumat verilir. Göndərilən məlumatlarda aşağıdakı məqamlara diqqət edilməlidir:
Şəkillər - Bir çox hallarda müştərilər kataloqda istifadə üçün həcmi kiçik və ya keyfiyyəti aşağı olan şəkillər göndərirlər. Bu isə kataloqun çapında problem yarada biləcəyi üçün müştəriyə öncədən bildirilməlidir.
Mətnlər - Burada layihə meneceri kontent menecerlərin dəstəyi ilə göndərilmiş mətnlərin oxunaqlı olub, olmaması, faydalılıq dərəcəsi və redaktəyə ehtiyac olub olmadığını müəyyən edir. Təbii ki, bütün bunlar qiymət təklifində əvvəlcədən öz əksini tapmalıdır.
Məlumatların göndərilməsi qaydasına uyğun şəkildə sortlaşdırılmış məlumatlar (şəkil və mətn) təsdiq olunması üçün müştəriyə göndərilir.
Planın hazırlanması
Müştəri göndərdiyi şəkillər arasından seçilmiş uyğun şəkilləri və mətnlərin redaktə olunmuş formasını təsdiq etdikdən sonra kataloqun planı hazırlanır. Plan dedikdə kataloqda yer alacaq məlumatların ardıcıllığı nəzərdə tutulur. Hazırlanmış plan da həmçinin təsdiq olunması üçün müştəriyə göndərilir. Hazırlanmış planın məntiqi izah olunduqdan sonra elektron olaraq təsdiqlənmiş plan qrafik dizaynerə göndərilir.
Dizaynın hazırlanması
Təsdiq olunmuş məlumatlar dizaynerə ötürüldükdən sonra dizayner kataloqun ilk öncə 1 və ya 2 daxili səhifəsini hazırlayır. Daha sonra qrafik dizayner kataloqun dizaynını niyə bu formada olmalı olduğu ilə bağlı fikirlərini layihə meneceri ilə paylaşır. Fikirlər üst-üstə düşdüyü təqdirdə layihə meneceri işi yoxlayaraq müzakirə olunması üçün müştəriyə göndərir. Müştəri dizaynları yazılı olaraq təsdiq edildikdən sonra layihə meneceri digər səhifələrin hazırlanması barədə dizaynerə məlumat verir. Bütün səhifələr hazır olduqdan sonra layihə meneceri dizaynları diqqətlə yoxlayır. Hər hansı səhv və ya dəyişiklik olmadığı yenidən müştəri ilə görüşür və işin geri qalan hissəsini izah edir. Müştəri tərəfindən hər hansı bir dəyişiklik olmadığı təqdirdə, müştəri dizaynları yazılı formada təsdiqləyir və layihə meneceri kataloqun çapa hazır versiyasını müştəriyə təqdim edir.
Ümid edirik ki, bu bloq kataloqun hazırlanmasını daha asan və sadə formada həyata keçirməyinizə yardımçı olacaq. Növbəti bloq yazısında digər xidmətlər üzrə tapşırıqların ötürülməsi barədə məlumat təqdim edəcəyik.