Məzmun yazarı (content writer) ilə mətn yazarı (copy writer) peşələrini yerli marketoloqlar, reklam agentlikləri və ya HR-lar bir çox hallarda eyniləşdirirlər. Hər iki sahə bir-birini tamamlayır. Amma bu, onların eyni olmaları demək deyil. Bəs bunun səbəbi məlumatsızlıqdır, yoxsa həqiqətən də bu iki sahə bir-biri ilə çox oxşardır?
Bu blog yazısını oxuyaraq sualın cavabını tapmış olacaqsınız.
QEYD: Bu blog yazısında məzmun yazarı ifadəsini kontent yazarı, kontent müəllifi, mətn yazarı ifadəsini isə kopirayter olaraq da işlədilə bilər.
Məzmun yazarı ilə mətn yazarının hansı ortaq nöqtələri var?
Rəqəmsal marketinq inkişaf etdikcə özü ilə yeni anlayışları da gətirir. Mətn və məzmun yazarı da bu anlayışlardandır. Hansı ki, daima eyniləşdirilər və bu eyniləşdirmə üzrə müzakirələr aparılar. Həm məzmun, həm də mətn yazarı müəyyən olunmuş hədəf kütləsinə xitab edən yazılar yazır. Bu, onların ortaq cəhətləri sayılır. Lakin ortaq nöqtələri olduğu kimi çoxsaylı fərqli cəhətləri də var. Bu fərqlilikləri bilmək üçün isə öncəliklə hər iki sahə – məzmun yazarı və mətn yazarı haqqında məlumatlanmalı, onların nə iş gördüklərini bilmək lazımdır.
Məzmun yazarı kimdir və hansı işləri görür?
Content writer, yəni məzmun yazarı hər mövzuda və əsasən uzun yazılar yazır. Məqsəd yazdığı yazının qalıcı, maraq doğurucu və axtarış sıralamalarında ilk sıralarda yer almasıdır. Bunun üçün oxucunun diqqətini cəlb edəcək açar sözlərdən istifadə etməli və yazdığı yazı üzərində daima yeni düzəlişlər edə biləcəyi mövzuda yazmalıdır. Məzmun yazarı daha çox oxucuya çatmaq üçün fərqli axtarış vərdişlərini həll etməyə və unikal məzmun yaratmağa çalışır. Məzmun yazarı oxucuya nəyisə bəyəndirməli, yazısı ilə məhsul satmalı deyil. Amma alış etməsi üçün əsaslı səbəblərinin olduğunu oxucuya çatdırmalıdı.
Kontent yazarının yazdığı yazılar SEO optimazasiyaya uyğun olmalıdır. Axtarış motorlarında mövzu ilə axtarış edərkən yazının dərc olunduğu sayt və ya bloqun ilk sıralarda görünməsinə səbəb olan amillərdən biri və bəlkə də elə ən əsasıdır.
Mətn yazarı hansı işləri görür?
Məlum bir məhsul və xidmət barədə qısa, lakonik mətnləri yazan şəxsə mətn yazarı və ya beynəlxalq dildə desək, copy writer deyirlər. Mətn yazarının iş sahəsi, yazacağı mətnin həcmi məzmun yazarındakı qədər geniş miqyaslı deyil. Bir çox hallarda məhsul və ya xidmət barədə məlumatı sadəcə bir neçə cümlə ilə ifadə etməli olur. Ona görə də işlədiləcək ifadələr xüsusilə seçilməlidir.
Məzmun yazarı ilə mətn yazarı arasındakı fərqlər
‘Məzmun’ və ‘mətn’ sözləri hər nə qədər də eyni mənanı ifadə etsələr də, reklam sahəsində bu tam əksinə olur. Məzmun yazarı qismən yeni anlayış olsa da, mətn yazarı daha öncələrdən var olan sahədir. Bir zamanlar reklamın əsasını təşkil edən yalnız mətn yazarlığı idi. Lakin məhsul və ya xidmət satışının internet üzərindən edilmə faizi artdığı üçün məzmun yazarlığının da zamanla inkişafı və tətbiqinə başlanıldı.
Kontent yazarı və kopirayter hansı şəraitdə işləyir?
Kopirayter ona verilən işi qısa müddətdə bitirməlidir. Hətta qoyulan deadline bitməsə belə gördüyü iş tələb oluna bilər. Kontent yazarı isə yazacağı mövzu ilə əlaqəli araşdırmalar etməli, bir neçə mənbəni oxumalı və daha sonra yazmağa başlamalıdır. Bu isə kopirayterdəki qədər qısa zamanda baş vermir. Yəni, kontent yazarının zamanı daha çox olur. Amma istənilən halda hər iki sahədə çeviklik, operativlik, daha produktiv olmaları tələb olunan özəlliklərdəndir.
Kopirayterin işini biz tv və radio reklamalarında, sosial media paylaşımlarında, çöl reklamları və bu kimi insanların diqqətini cəlb edən reklam vasitələrində görə bilərik. Kontent yazarının yazıları isə hansısa blog, məqalə, xəbər mətni kimi təqdim edilir. Məsələn, hal-hazırda oxumaqda olduğunuz bu yazı kontent yazarının işinə bir nümunədir.
Kopirayter hədəf kütləsi ilə əlaqə qurmalıdır, bu təklif edilən xidmət və ya məhsulun satışını artırar. Kontent yazarı isə yazdığı məqalə, blog yazısı və ya xəbərdə mövzuya uyğun açar sözlərdən (keyword) istifadə etməli, oxucunu yazdığı yazı ilə yormamalı, ona maksimum şəkildə məlumat verməlidir.
Rəqəmsal marketinqlə bağlı daima araşdırmalar edənlər üçün digər blog yazılarımızı oxumağı tövsiyyə edirik.