Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Ceo-Nun Sosial Səyahəti

CEO-nun Sosial Səyahəti

2021-03-12

Sosial media müasir biznes komunikasiyalarını dəyişib. Bu dəyişiklik özünü marketinq və PR istiqamətində də göstərir. Sosial şəbəkələrin biznes üçün olan əhəmiyyətini bir kənara qoyaq, elə təkcə CEO-nun onlardan aktiv istifadəsi brend üçün həm maddi, həm də mənəvi qazancdır.

Belə olan halda aşağıdakı üstünlüklər müşahidə olunur:

Digər CEO-lar birbaşa qərarverici şəxslə əlaqə saxlamağa “ürək edir”

Belə ki, nisbətən aşağı vəzifəli şəxlərlə ünsiyyətdə olmaq CEO üçün bəzən çətinlik yaradır. Lakin onunla eyni pozisyanı bölüşən şəxs bu mənada CEO-nun işini asanlaşdırır. O, birbaşa qərarverici şəxslə ünsiyyət quraraq problem və ya təklifini yerindəcə təqdim edir. Aktiv olaraq sosial media istifadə edən şirkət rəhbərləri belə insanlar üçün daha səmimi və əlçatan mövqe yaradır.

Daha çox satışın həyata keçirilməsi üçün imkan yaranır

Şirkətdə əsas qərarverici şəxs CEO-dur. Təklif və ya tələblərin birbaşa olaraq ona təqdim olunması proseslərin müddətini bir xeyli qısaldır. Təklifi qəbul və ya rədd edən CEO qısa zamanda məsələnin icrası üzrə istiqamət verir. Beləliklə, qısa zaman ərzində daha böyük nəticələr əldə etmək mümkün olur.

Müştərilər brendin əsas qəhrəmanını izləmək və onu tanımaq fürsətini yaxalayır

Müştərilər bir çox hallarda brendlərin sosial media səhifələrini izləmək istəmirlər. Səhifənin kim tərəfindən idarə olunması haqqında xəbərdar olmayan alıcılar onları doğma hiss etmir. Sevimli brendlərinin əsas qəhrəmanı olan CEO-nun şəxsi sosial mediası isə müştərilər tərəfindən daha çox izlənilir. İstifadə etdikləri məhsulla onun əsas qəhrəmanını eyniləşdirən müştərilər üçün CEO-nun öz sosial hesabları daha səmimi və real görünür.

Məhsul/xidmətin portreti daha aydın və inandırıcı olur

CEO şirkətin əsas simasıdır. Onun hərəkət və düşüncələri müştərilərdə məhsul üzrə fikir formalaşdırır. Doğru strategiya ilə məhsul və ya xidmətini nümayiş etdirən şirkət rəhbərləri alıcılar tərəfindən daha çox rəğbət görür. Belə ki, doğru strategiya ilə məhsul və ya xidmətini təqdim edən CEO müştərilərdə öz brendinə qarşı loyal obraz yaradır.

Biznes öz formasını sosial aləmə doğru dəyişir. Sosial mediasını belə istiqamətdə dəyərləndirən şirkət rəhbərləri öz marketinq büdcələrinə də böyük miqdarda qənaət edə biləcəklər.