Ölkədə şirkətlərə müxtəlif istiqamətli marketinq alətləri təqdim edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti Baku İnternational CEO Summit 2022 tədbirinin kreativ tərəfdaşı seçilib.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bu kateqoriyalı tədbirin fərqli konsept və yanaşma tələb etdiyini söylədi.
“Tədbirin əsas təşkilatçısı olan Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynovdan belə bir təklif gələndə komanda olaraq bu işin daha çox diqqət və zaman tələb edəcəyini ilk gündən anlamışdıq. Adətən bu kateqoriyalı tədbirlərin konsepti uzun müzakirələr, dəqiqləşdirmələr və mütəmadi dəyişikliklər əsasında formalaşır. Lakin dizayner komandamızın peşəkarlığı və Emil bəyin tədbirin vizual konsepti ilə bağlı istəklərini dolğun və dəqiq şəkildə bizə çatdırması prosesləri biz gözlədiyimizdən daha da sürətli tamamlamağa imkan yaratdı. Tədbir üzrə əsas vizualların hazırlanması işləri demək olar ki, tamamlanmışdır. Hal-hazırda çap olunacaq digər kommunikasiya vasitələri üzrə məlumatların dəqiqləşdirilməsi prosesləri davam edir. Tədbirdə həmçinin Azərbaycan HR İnstitutunun yeni korporativ dəst-xəttinin də təqdim olunması da planlaşdırılır.”
Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov “Marcom şirkətini bu tədbirin təkcə kreativ tərəfdaşı kimi deyil, həm də böyük dəstəkçisi kimi görürük.” söylədi.
“Bu tədbiri təkcə HR İnstitutunun deyil, həm də ölkə sahibkarlarının imicinin göstəricisi kimi dəyərləndirirəm. Marcom şirkətinin fəaliyyətini çoxdan izləyirəm. Onlar gördükləri bir çox işləri paylaşmasalar da, bir çox şirkətlərin işlərinə təkan verməkdə davam edirlər. Komandanın qısa müddət ərzində həm HR İnstitutunun yeni brendinqini, həm də tədbirin konseptini hazırlamaqları bir daha gördükləri işlər üzrə peşəkar olduqlarını nümayiş etdirdi. Tədbirə hazırlıq işləri davam edir. Marcom şirkəti həm vizualların formalaşması, həm də təşkilatçılıq işləri ilə bağlı bizimlə öz təcrübələrini paylaşırlar. Biz hamımız tədbirin maraqlı, interaktiv və qüsursuz keçməsi üçün çalışırıq. İnanıram ki, birlikdə hər kəsin gözlədiyi bir tədbirə imza atmağı bacaracağıq.”
Qeyd edək ki, 15 Noyabr 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard otelində Baku İnternational CEO Summit 2022 tədbiri keçiriləcəkdir. Tədbirdə ölkənin müxtəlif sahələrini əhatə edən 500 sahibkarın iştirakı nəzərdə tutulur.