Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Kreativliyin Izi Ilə: Niyyət Və Mənzil Eyni Olmayanda

Kreativliyin izi ilə: niyyət və mənzil eyni olmayanda

2021-06-08

Bir zamanlar belə bir fikir məşhur idi: gülüş dünyanı xilas edəcək. Kontent generasiya edən və gülməyi özünə borc bilən bütün insanlar bu pozitivliyin ömürlərini uzatdığını düşünür və mümkün olduğu qədər yumorlu olmağa çalışırdılar. Əslində, burada həqiqət payı da vardır: elmi araşdırmalar da pozitiv psixoloji əhval-ruhiyyənin insan sağlamlığı üzərindəki müsbət təsirlərini təsdiq edir. 

Kontentlərə hakim kəsilən bu pozitivlik sonrakı onillərdə transformasiya keçirdi və “kreativlik”lə əvəz olundu. Artıq “kreativlik” dünyanı xilas edəcəkdi.

Dizayn dünyasında aparıcı tendensiya olan “mürəkkəbdən sadəyə” meyli kontent marketinqində müşahidə olunmadı və reklam mətnlərində “sadədən mürəkkəbə” doğru bir hiperbola əyrisi yarandı. Əvvəl bir məhsulu reklam etmək üçün yalnız bir detal kifayət idisə, indi onun malik olduğu bütün xüsusiyyətlər bircə kontentə sığışdırılır, beləcə, “informasiya xaosu” meydana çıxırdı. Bir növ, “ən dadlı şorba” bişirmək üçün evdə olan bütün məhsullardan istifadə edən həvəskar bir aşpaz sindromu yarandı: soyuducuda olan bütün tərəvəz və meyvələri qaynayan suya töküb bişirmək və daha sonra blendrin köməyi ilə onları püre halına gətirib üzərinə fərqli ədviyyatlar tökmək. “All-in-one” şorbamız hazırdır.


Nəticə nədir?
Nəticəsizlik.

Kreativlik sehrli çubuğa malik olmaq deyil. Filan müştəri filan marketinq və kommunikasiya şirkətindən hədsiz dərəcədə kreativ və “vau” effekti yaradan reklam postları hazırlanmasını istəməzdən əvvəl öz ehtiyaclarını düzgün qiymətləndirməli, satış və dolayısı ilə, bazar payını artıran əsas strategiyanı müəyyənləşdirməlidir. Əminliklə demək mümkündür ki, kreativlik burada birinci sırada dayanmır. Bu dilemmanı belə izah edək: 

Bayram günlərinin yaxınlaşmasına az qalmış müştəri telefonu götürür əlinə və əməkdaşlıq etdiyi agentliyə zəng vurur. Kreativ yox, ultra-uber-super-ekstra-kreativ bir post hazırlanmasını xahiş edir. Söhbət belə davam edir:

-    O da olsun!
-    Baş üstə!
-    Bu da olsun!
-    Baş üstə!
-    O da olsun demişdim?
-    :(

Günümüzdə əlamətdar gün paylaşımlarının hədsiz kreativ olması uğrunda elan olunmamış kontent müharibələri gedir. Müştəri xarici və yerli şirkətlərin əlamətdar günlərlə bağlı olduqca sadə və xoşagəlimli, lakin eyni zamanda kreativ vurğuya da malik olan paylaşımlarını gördükcə “niyə məndə də olmasın?” –deyə özündən soruşur və şirkətə müraciət edir. Bir məsələni nəzərə almır: “kreativ” deyərkən tam olaraq nəyi nəzərdə tutduğunu və bu “kreativliy”in onun biznesinə necə təsir edəcəyini.

Kontent yaradıcılığı prosesi zamanı kreativlikdən əvvəl aşağıdakı məsələlərə diqqət olunmalıdır:

1. Şablonlardan qaçış
Kontent marketinqi dünyasında kreativ məzmunlar bol olduğu qədər, “kreativ klişe”lər də çoxdur. Yuxarıda qeyd olunan “all-in-one” şorbası misalında olduğu kimi, hər şeyi bir-birinə qatmaq və lüzumsuz informasiya bolluğu yaratmaq kreativlikdən çox, qeyri-peşəkarlıqdır. Çünki hazırlanan kontent başdansovdu, bəzənsə klişe təsiri bağışlayır və burada kreativlikdən söhbət belə gedə bilməz.

2. Ardıcıllığa riayət etmək
Əvvəl niyyət bəlli olmalıdır. Daha sonra mənzil aydın olacaq. Bəzi hallarda “niyyət” – Mona Liza portretinə bənzəsə də, “mənzil” Paint proqramında cızma-qara edilmiş bir xanım şəkli olur. 

3. Əvvəl strategiya, sonra kreativlik
Nəyi, necə və nə üçün istədiyini bilmək hər bir şirkət üçün vacibdir. Lakin satışla bağlı problemlərin aradan qalxması üçün ilk növbədə düzgün və həll-yönümlü marketinq strategiyası hazırlanmalıdır. Lazımi məqamlarda kreativ yanaşmanı əməkdaşlıq edilən reklam agentliyi və ya marketinq şirkəti özü sərgiləyəcək.

Kreativlik dünyanı xilas etməsi mümkündür. Və ya ən azından, hər hansı bir şirkətin satışlarının artımına təsir edə bilər. Lakin yalnız və yalnız həmin şirkət düzgün marketinq strategiyasına malik olduğu təqdirdə  bu hal baş verir.