Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Smm Xidmətində Prosedur Qaydaları

SMM xidmətində prosedur qaydaları

2020-05-04

SMM xidməti ilə bağlı yazmağımızda məqsəd şirkətlərin bu xidmətin detalları haqqında geniş məlumat almasına xidmət edir. Ümid edirik ki, bu bloq yazısında oxuyacağınız məlumatlar Sizin üçün faydalı olacaqdır. İndi isə cümlələrin sayını artırmadan istəyirik Sizi sosial media marketinq xidmətinin bəzi detalları ilə tanış edək.

Mövcud olmayan təklif paketi

Bir çox reklam şirkətlərinin və ya agentliklərinin müştərilərə hazır təklif paketi təqdim etməsi əslində yanlış addımdır. SMM xidməti üzrə qiymət təklifini formalaşdırmaq üçün şirkətin fəaliyyət istiqaməti, səhifənin cari vəziyyəti, cavablandırılacaq şərhlərin həcmi, aylıq postların sayı və dizayn formatı, foto və video işinin həcmi, səhifənin hansı dildə aparılması, keçiriləcək kampaniyaların sayı və digər məqamlara aydınlıq gətirmək lazımdır. Yuxarıdakı məlumatları müəyyən etməmiş Sizə qiymət təklifi göndərirlərsə, deməli xidmətlə bağlı hansısa detallar açıqlanmır və ya adamlar işin dərinliklərini bilmirlər.

Səhifənin İcraçıya verilməsi

Qiymət təklifi təsdiqləndikdən və sənədləşmə işləri bitdikdən sonra İcraçı 10 iş günü ərzində səhifənin yeni strategiyasını müəyyən etmək üçün işlərə başlayır. Bu müddət İcraçıya admin panelə giriş məlumatları verildikdən sonra başlanmış hesab olunur. İcraçı səhifənin yeni strategiyasını müəyyən etmək üçün Sifarişçi tərəfindən müəyyən edilmiş kordinasiyalı şəxs və ya şəxslərlə müzakirələr aparır. Paralel olaraq, səhifə üzrə öncədən əldə edilmiş bəzi maraqlı göstəricilər (postların aktiv saatları, reklama xərclənmiş büdcələr, səhifənin izləyici sayı və s.) analiz olunur. Bu məlumatlar səhifənin təhvil alınma müddətindəki vəziyyəti ilə sonrakı vəziyyətini müqayisə etmək üçün lazımdır. Bu məlumatların alınması həmçinin icraçının gördüyü işi ölçməyə də imkan verir.

Post planlama işi

Postların hazırlanmasına başlamaq üçün müştəri əlində olan materialları (loqo və loqo qaydaları, foto, video, çap materialları) təqdim edir. Şirkətin fəaliyyət istiqamətindən və səhifədə paylaşılacaq postların sayından asılı olaraq, 1 və ya 2 həftəlik postların planı hazırlanır. Müştəri postları təsdiq etdikdən sonra müəyyən edilmiş qrafik üzrə paylaşımlara başlanılır. Əgər postların strukturunda (dizayn və kontent) ciddi fikir ayrılığı yaranmırsa, o zaman növbəti mərhələdə paylaşılacaq postlar aylıq hazırlanaraq müştəriyə təqdim olunur.

Cavablandırma işinin təşkili

Səhifə üzrə cavablandırmalar adətən iş saatları ərzində həyata keçirilir. Şərhlərdə yazılan ümumi sorğular (ünvan, qiymət, çatdırılma və s.) icraçı tərəfindən cavablandırılır. İstifadəçi tərəfindən strateji sual verildiyi təqdirdə suala veriləcək cavab sifarişçinin təyin etdiyi koordinasiyalı şəxslə məsləhətli şəkildə hazırlanır. Bir müddətdən sonra sifarişçi üçün daima yenilənən sual-cavab bazası yaradılır. Həftəsonu və gec saatlarında cavablandırmalar əvvəlcədən razılaşma əsasında həyata keçirilir.

Reklam büdcəsi

SMM xidmətində reklam büdcəsinin həcmi şirkətin müştərilərinə təqdim etdiyi məhsul və ya xidmətdən, o cümlədən bazardakı rəqiblərin reklam fəaliyyətindən asılı olaraq dəyişə bilər. Sifarişçi şirkət facebook və instagram üçün ayırdığı bank kartı məlumatlarını icraçıya təhvil verir. Reklam agentliyi həmin büdcəni kampaniyalara, səhifənin izləyici sayının artırılmasına, satışını artırmaq istədiyi məhsul və ya xidmətinə əvvəlcədən razılaşdırılmış formada xərcləyir.

Hesabatlar

Səhifələr (facebook və instagram) üzrə hesabatlar hər ayın ilk iş həftəsi ərzində hazırlanaraq elektron formada müştəriyə təqdim olunur. Hesabatda əsasən səhifə üzrə (izləyici sayı, paylaşılan postlara gələn reaksiyalar, şərhlər, xərclənilmiş büdcə və s.) məlumatların əvvəlki aya nəzərən vəziyyəti barədə müqayisəli məlumatlar əks olunur.

Ümid edirik bu bloqda oxuduğunuz məlumatlar Sizə bazarda doğru SMM xidməti təklif edən şirkəti seçməyə yardımçı olacaq. Növbəti bloq yazısında bu xidmətin ərsəyə gəlməsində iştirak edən komanda üzvlərinin fəaliyyəti ilə tanış ola bilərsiniz.