Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Kataloqun Hazırlanması Mərhələləri

Kataloqun hazırlanması mərhələləri

2020-08-03

Kataloqun bir şirkət üçün imic göstəricisi olduğunu bilirik. Bu bloq yazısını hazırlamaqda məsqədimiz şirkətlərin kataloqun hazırlanması zamanı mərhələlərdən keçməsini geniş şəkildə izah etməkdən ibarətdir. Beləliklə ofisinizdə olan və Sizi təmsil edən kataloqun hazırlanması aşağıdakı mərhələlərdən keçir:

Sorğu suallar və qiymət mərhələsi
Görüləcək işin həcmini və qiyməti müəyyən etmək üçün Sifarişçi tərəfə brif göndərilir. Brifdə adətən şirkətin fəaliyyəti, kataloqun təyinatı, orada yer alacaq mətn və şəkillərin hazır olub olmaması, kataloqun hansı dillərdə olması və digər nüanslarla bağlı suallar yer alır. Təqdim olunmuş məlumatlar əsasında kataloqun 1 səhifəsinə görə qiymət müəyyən olunur. Nümunə: Kataloqun 1 səhifəsi üçün qiymət 5 AZN, ümumilikdə dizayn olunacaq səhifələrin sayı 34 olarsa, o zaman 5 (1 səhifənin dizaynı üçün qiymət) x 34 (kataloqun səhifə sayı) = 170 AZN (Kataloqun dizaynın qiyməti)

Koordinasiyalı şəxs
Müştərinin kataloqun hazırlanması üçün bir nəfər bu sahədən anlayışı olan koordinasiyalı şəxs ayırması olduqca vacibdir. Bu şəxsin qərarverici şəxs olması prosesi daha da sürətləndirməyə xidmət edəcək. Həmin şəxs şirkətin fəlsəfəsi, məhsul və ya xidmətlərini daha yaxşı tanımalıdır.

Mətnlərin göndərilməsi qaydası
Bu çox önəmli mərhələdir. Bir çox şirkətlər kataloqda yer alacaq mətn və şəkilləri nizamsız formada göndərirlər. Həmin məlumatların sortlaşdırılması isə ciddi vaxt və insan resursu tələb edir. Kataloqda yer alacaq mətnlərin hamısı bir “Word” dokumentinə, hər bir bölmənin (məhsul, xidmət) adı qeyd olunmaqla əlavə olunur. Əgər kataloqun bir neçə dildə hazırlanması nəzərdə tutulursa, o zaman mətnlərin tərcümələri də həmin sənəddə yer almalıdır. (Nümunə: Şirkət haqqında olan mətnin Azərbaycan dili versiyası, onun altında isə digər dillərə tərcüməsi).

Şəkillərin göndərilməsi qaydası
Şəkillərin doğru formada göndərilməsi mərhələsi də bundan əvvəlki mərhələlər kimi önəmlidir. İşin sürətli olması üçün Sifarişçi tərəf kataloqda yer vermək istədiyi şəkilləri bir yerə toplayır. Daha sonra həmin şəkilləri bölmələr üzrə qovluqlara daxil edir. Nümunə: Haqqımızda bölümünə aid olan şəkilləri haqqımızda adlı qovluq yaradaraq ora yerləşdirir. Digər bölmələr üzrə şəkillərdə eyni qaydada qovluqlara əlavə olunur. Sifarişçi tərəf şəkillərin keyfiyyətinin yüksək olmasına diqqət etməlidir. Sifarişçi şəkilləri İcraçı tərəfə wetransfer vasitəsilə göndərə və ya ofisinə gələrək Hard disk-də təqdim edə bilər.

Redaktə və tərcümə mərhələsi
Müştəri mətnlərin redaktəsi və ya digər dillərə tərcüməsini istədiyi halda, göndərilmiş mətnlər Sifarişçi şirkət tərəfindən redaktə olunur və təsdiqlənməsi üçün müştəriyə təqdim olunur. Redaktə olunmuş mətnlər müştəri tərəfindən yazılı şəkildə təsdiq olunduqdan sonra tərcümə prosesi başlayır. Tərcümə olunmuş mətnlər də eyni qaydada Sifarişçi tərəfindən yazılı təsdiq olunduqdan sonra növbəti mərhələyə keçid olunur. Bir çox hallarda şirkətlər kataloqa həddindən çox mətn əlavə etmək istəyirlər. Lakin bir məqamı diqqətə almaq lazımdır ki, kataloq saytın kiçik versiyasıdır və burada olan uzun mətnləri müştərilər oxumaq istəmir.

Kataloqun formatı
Dizayn mərhələsinə başlanılmadan öncə kataloqun hansı formatda (A4, A5, kvadrat, albom) olması müəyyən olunur. Kataloqun formatı təqdim olunmuş məlumatların (şəkil və mətn) həcminə və ya müştərinin istəyinə uyğun müəyyən oluna bilər. Nümunə: Müştəri mebel istehsalçısıdırsa, o hər bir mebel modelini ayrıca səhifədə təqdim etmək istəyəcək. Belə olan halda müştərinin kataloq formatı kvadrat olması daha məqsədə uyğundur. Hər bir məhsulun ayrıca səhifədə göstərilməsi həmçinin kataloqun səhifə sayının artırılmasına gətirib çıxaracaq.

Dizayn mərhələsi
Kataloqun hazırlanmasında növbəti mərhələ dizayn işlərinin görülməsidir. Kataloqun dizaynını hazırlamaq üçün Sifarişçi tərəf şirkətin loqosunu və loqonun təsdiq olunmuş istifadə qaydaları faylını təqdim edir. İcraçı tərəf təqdim olunmuş loqonun istifadə qaydaları (orada qeyd olunmuş rənglər, korporativ naxış, fontlar) əsasında kataloqun 1 və ya 2 daxili səhifəsini dizayn edir. Təqdim olunmuş məlumatlar əsasında dizayn olunan daxili səhifələr təsdiq olunması və ya fikir bildirilməsi üçün müştəriyə göndərilir. Dizayn konsepti göndərilən zaman müştəriyə dizaynın nəyə görə belə hazırlanması məntiqi izah olunur. Müştəri təqdim olunmuş daxili səhifə dizaynlarını yazılı olaraq təsdiq etdikdən sonra kataloqun digər daxili səhifələri həmin dəst-xətt üzrə hazırlanır. Kataloqun bütün daxili səhifələri hazırlandıqdan sonra İcraçı tərəf kataloqda mümkün ola biləcək dizayn, cümlə, hərf, məna səhvlərini yoxlayır. Daha sonra kataloqun bütün daxili səhifələri yoxlanması və yazılı təsdiq olunması üçün müştəriyə təqdim olunur. Müştəri də öz tərəfindən təqdim olunmuş kataloqu diqqətlə yoxlayır və hər hansı bir səhv aşkar etmədiyi təqdirdə onu yazılı olaraq təsdiq edir. Daxili səhifələr üzrə işlər tamamlandıqdan sonra kataloqun üz qabığı hazırlanır və eyni qaydada təsdiqlənməsi üçün müştəriyə təqdim olunur. Bütün dizayn işləri bitdikdən sonra kataloqda ola biləcək səhvlər bir daha diqqətlə yoxlanılır və son göndərilmiş versiya yazılı olaraq təsdiq olunur. Bütün dizayn işləri bitdikdən sonra kataloq çap üçün hazır formaya gətirilir və çap etdirməsi üçün müştəriyə təqdim olunur.

Revizə haqqı
İstər yerli, istərsə də beynəlxalq təcrübədə müştəriyə görüləcək işin həcminə görə 2 və ya 3 pulsuz revizə haqqı verilir. Revizə haqqı müştərinin öz işinə daha diqqətlə yanaşması, məlumatları doğru təqdim etməsi və vaxt itkisinin qarşısının olunması məqsədi ilə tətbiq olunur. Müştəri ona verilmiş pulsuz revizə haqqı çərçivəsində kataloqda dəyişiklik edə bilər. Ödənişli revizənin məbləği müştəriyə təqdim olunmuş qiymətin 0.5%-ni təşkil edir.

Müqavilə və ödəniş mərhələləri
Yuxarıda sadalanan bütün proseslər müştəri qiymət təklifini təsdiq etdikdən sonrakı mərhələyə aiddir. Müştəri təklif olunan qiymətlə razılaşdığı təqdirdə, işə başlamaq istəyirsə, müqaviləyə əsasən razılaşdırılmış ümumi məbləğin 50%-ni ödəyir. Məbləğin digər 50%-i isə kataloqun çapa hazırlanmış forması təqdim olunmamışdan əvvəl ödənilir.

Növbəti bloq yazımızda kataloqun hazırlanması mərhələsində iştirak edənlər və onların vəzifə öhdəlikləri haqqında məlumatlar təqdim etməyə çalışacağıq. Marcom Marketinq və kommunikasiyalar şirkəti olaraq əsas məqsədimiz sahibkarları təqdim etdiyimiz xidmətlər barədə maarifləndirməkdən ibarətdir.