Karantin zamanı biznes hansı kontenti yaratmalıdır?
#Covid19 panika və qeyri-müəyyənlik doğurur: reklam kampaniyaları dayandırılır, işçilər “home office” rejiminə keçir, yeni məhdudiyyətlər tətbiq olunur, beləliklə, gərginlik artır. Bu, o demək deyil ki, biznesin aktivliyi tamamilə dayandırılmalıdır. Əksinə, insanlar (potensial müştərilər) evdə daha çox vaxt keçirir, deməli, onların baxmaq, oxumaq, qulaq asmaq üçün daha çox vaxtı var.
Desək ki, yeni mühitə adaptasiya olunmağın vaxtıdır, Amerika kəşf etmiş olmayacağıq. Bəs buna necə nail olaq? Karantin zamanı daha əlçatan kontentə yatırım etməklə!
- Animasiya
Karantin zamanı adət etdiyimiz qaydada reklam çəkilişləri etmək mümkün deyil. Məlumdur, belə layihədə böyük komanda cəlb olunmalıdır, bunu etmək isə riskli, hətta qadağandır. Bundan başqa, reklam agentliklərinin əməkdaşları da, el dili ilə desək, canını yerdən tapmayıb. Onlar da sizin kimi evdədir və karantin qaydalarına riayət edirlər.
Deməli, alternativi tapmağın əsl zamanıdır. Animasiyalardan gözəl alternativi isə axtarmağa dəyməz. Evdə oturaraq müştərilərinizin istədiyi məhsulu ərsəyə gətirə bilərsiniz. Yetər ki, məhsul həqiqətən müştərilərinizin ürəyicə olsun!
- Video platformalarda reklam
Karantin dövründə insanlar işdə onlar üçün əlçatmaz (qadağan edilən) olan kontent kanallarında vaxt keçirirlər. Sözsüz ki ilk növbədə söhbət YouTube-dan gedir. Striminq platformaları istifadəçi sayının kəskin artmasını artıq hiss edib. Hətta bəziləri videoların keyfiyyətini azaltmaq məcburiyyətində qalıb ki, istifadəçilər izləmə zamanı çətinliklə üzləşməsin.
İstənilən striminq platforması reklam kanalıdır. Siz rolikinizi istənilən videonun istənilən hissəsində yerləşdirə bilərsiniz. Buna instrim reklam deyilir. Əgər indiyədək bu üsula müraciət etməmisinizsə, tam zamanıdır! Faydasını tez bir zamanda görəcəksiniz.
Təbii ki, bunun üçün sizə video lazım olacaq. İlk ağıla gələn yenə də animasiyadır. Bundan başqa, siz köhnə videolarınızdan da istifadə edə bilərsiniz. “Home office” şəraitində instrim reklamla məşğul olan agentlikləri tapmaq da çətin deyil.
- Mətn
Karantin dövrü heç də hamının sevmədiyi e-mail marketinqi dirçəltmək üçün əsl fürsətdir. Nəzərə alın ki, potensial müştəriləriniz hazırda daha az bezdirici elektron məktub alır... və budur - növbəti məktubu siz yazmısınız. İndiki dövrdə yazmaq üçün N qədər səbəb var. Müştərilərinizə endirimlərdən, xüsusi təkliflərdən, fərdi yanaşmalardan və s. bəhs edin. Niyə məhz sizi seçmələrini izah edin. Hər kəsin seçim haqqı var. İnanın ki, sizi seçənlər tapılacaq. Yaxşı işləsəniz, onların sayı az olmayacaq. Dəstəyi hiss etmək gözəl hissdir. Bu səbəbdən e-mail vasitəsilə müştərilərinizə böhran zamanı biznesinə necə dəstək ola biləcəyini yazın.
Digər ənənəvi kanalları (media, bloq, sosial şəbəkələr) da unutmuruq. Düzdür, getdikcə insanlar oxumaqdan uzaqlaşır, lakin karantin zamanı uzun-uzadı müsahibələri, mətnləri oxuyanlar, müxtəlif məhsulları müqayisə edənlər mütləq tapılacaq.
- Təxirə saldığınız işləri görün: rebrendinq, restaylinq, saytın yenilənməsi
Azərbaycanda barmaqla sayılacaq şirkət və ya təşkilat tapılar ki, konsepsiyasını yenidən işləyib və adi rejimdə işə qayıtmaq üçün müvəqqəti fəaliyyətini dayandırsın. Deməli, məcburi fasilədən yararlanmaq lazımdır: kontent layihələrinizi, korporativ üslubunuzu, brendbuku yenidən nəzərdən keçirin.
Əgər sizin onlayn çatdırılma xidmətiniz yoxdursa, karantin zamanı trafikiniz kəskin azalacaq. Mütləq şəkildə bu çatışmazlığı aradan qaldırın və yenilənmiş saytınızı, eyni zamanda xidmətinizi işə salın. Ciddi dəyişikliklər həm də PR üçün yaxşı səbəbdir.