Keyfiyyətli xidmət göstərən şirkətin qulağa xoş gələn və unikal adı olması vacibdir. Bəzi şirkətlərin xidmətlərindən istifadə etməsək də, məhz maraqlı adlarına görə yaddaşımıza həkk edilib. Buna görə də, şirkət haqqında ilk təəssüratı şirkətin adı yaradır. Bu, çox maraqlı bir prossesdir və neyminq xidməti adlanır. Hər xidmətdə olduğu kimi, bu işin də incəlikləri var.
Adın seçilməsi
Bir brend adı düşünərkən, ilk öncə ağlınıza gələn sözlərin xarici dillərdə tərcüməsinə nəzər yetirmək lazımdır. Bəzən ağlımıza bizim dildə mənası olmayan bir söz gələ bilər, amma bu sözün başqa dildə hansısa mənanı verməsi mümkündür.
Domaini yoxlayın
İkinci məqam, domain adının boş olub-olmamasını yoxlayın. Ehtimal var ki, düşündüyünüz adda artıq veb-sayt mövcuddur. Bunu əvvəlcədən yoxlamaq mütləqdir. Bəzən şirkətlər bu məqamı nəzərə almadan bir marka adı yaradırlar və nəticədə onu dəyişməyə məcbur qalırlar. Belə halların qarşısını almaq üçün əvvəlcədən tədbir görmək lazımdır.
Adı oxuyun/oxutdurun
Çox vacib olan nüanslardan biri, düşündüyünüz adın insanlar tərəfindən necə oxunduğuna və səsləndiyinə diqqət edin. Qulağa yatımlı və hər kəsin düzgün oxuya bildiyi bir ad olması üstünlükdür. Sait və samit ardıcıllığı da adın yaradılmasında böyük rol oynayır. Adətən, ahəng qanununa tabe olan sözlər daha xoş səslənirlər. Şirkətinizin adı fəaliyyət göstərdiyiniz sektora uyğun olması tövsiyə olunandır.
Google-un xoşuna gəlin
Ən vacib məqamlardan biri, brendinizin adına aid Google-un açar söz olaraq mövqeyidir. Bu sizə gələcəkdə saytınızı ilk sıralarda saxlayan SEO xidməti üçün də lazım olacaq. Əgər sizin göstərdiyiniz xidmətlə brendinizin adı bir-birindən çox fərqlənirsə, Google-da axtarışlarda çıxma ehtimalı da azalır.
Adın vergisi
Neyminq prosessindəki ən son addım isə, düşündüyünüz adı vergi siyahısında yoxlamaqdır. Əgər düşündüyünüz ad artıq başqa şirkət tərəfindən rəsmi olaraq qeydiyyatdan keçirilibsə, sizin o addan imtina etməniz mütləqdir. Çünki gələcəkdə bu barədə sizə qarşı hüquqi tədbirlər görülə bilər.
İnsan üçün belə onun adı həyatının ilk mərhələsindən etibarən ən vacib rollardan birini oynayır. Odur ki, əziz sahibkarlar, bir brend yaradan zaman neyminq xidmətini işin peşəkarına həvalə edin. Qoy brendinizin adı dillərə dastan olsun.